AZ EN RU

Naxçıvandan Türkiyəyə ümumilikdə 52 TIR yola salınıb

    Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlər nəticəsində yaranan dağıntıların aradan qaldırılması, insan tələfatlarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlarla, zəruri vasitələrlə zəngin humanitar yardımlar göndərilib.
    Naxçıvan Muxtar Respublikasında da fevralın 7-dən etibarən Türkiyəyə hərtərəfli dəstək aksiyası keçirilir, muxtar respublikanın Bakıdakı Daimi Nümayəndəliyinin kollektivi, paytaxt Naxçıvan şəhərində, rayonlarda müxtəlif dövlət təşkilatlarının əməkdaşları, sakinlər, iş adamları, sahibkarlar yardım kampaniyalarına, humanitar aksiyaya canla-başla qoşulub, səhiyyə ocaqları ehtiyac yarandıqda Türkiyədən olan yaralıların qəbulu, müalicə və müayinə üçün tam hazır vəziyyətə gətirilib. 
    Fevralın 7-də Naxçıvan sahibkarlarına məxsus 1, 8 və 9-da hər gün 12 TIR,  fevralın 10-da isə zəlzələ bölgəsində əziyyət çəkən insanların köməyinə yetişəcək zəruri vasitələrlə dolu daha 11 TIR Türkiyəyə yola salınıb. 
    Təbii fəlakətdən zərərçəkmiş insanlara köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında başlayan humanitar aksiya növbəti gündə davam etdirilib. Fevral ayının 11-də növbəti 11 TIR yardım qardaş ölkəyə yola salınıb. Göndərilən yardımlar, əsasən, qida, geyim, dərman,  uşaq bezi, sadə yataq, generator, istilik lampaları, yorğan dəstləri, xalçalardan ibarət olub. Fevral ayının 13-də isə daha bir TIR, ümumilikdə, 52 TIR Türkiyəyə yola salınıb.
    Keçirilən humanitar yardım aksiyası çərçivəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən  qardaş Türkiyə Respublikasında baş verən faciəvi zəlzələnin ilk günlərindən əhalinin zəlzələdən zərərçəkənlərə ianə köçürmələri ilə  dəstək olmaq istəyini nəzərə alınaraq bu  köçürmələr üzrə komissiya haqqı ləğv edilmişdir ki, bununla da müştərilərin ianələrini daha rahat, sürətli və komissiyasız həyata keçirməsi təmin olunmuşdur. Naxçıvanbankın bir çox əməkdaşı Türkiyəyə ianə köçürmələri həyata keçirmiş və yardımlar göndərmişdir.
    “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 500 nəfərlik müxtəlif zəruri ehtiyac və qida məhsullarından ibarət qutular hazırlamış, həmin yardımlar Naxçıvanda yerləşən yardım toplama məntəqəsindən Türkiyəyə yola salınmışdır. 
    Naxçıvan Dövlət Universiteti isə Türkiyənin zəlzələ zonasına 30 min manat ianə edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.02.2023 18:30