AZ EN RU

Naxçıvandan Şimali Kiprə aparan yaradıcılıq yolu

    Azərbaycan xalqını dövrün keşməkeşli, çətin sınaqlarından çıxarmağı bacarmış bugünkü müstəqil Azərbaycanın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il “Heydər Əliyev İli” kimi tarixə düşəcək. Görkəmli liderin əziz xatirəsinə həsr olunmuş 100 illik yubiley tədbirləri ölkə sərhədlərini aşaraq dünyanın bir çox ölkəsində yüksək səviyyədə qeyd olunur. Bu baxımdan gənc rəssam Aidə İbrahimovanın Şimali Kipr Respublikasında baş tutan rəsm sərgisinin əhəmiyyətini də vurğulamaq lazımdır. 
    Naxçıvan Dövlət Universitetinin Rəngkarlıq ixtisası üzrə III kurs tələbəsi, “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuş, “Şərq qapısı” qəzetinin əməkdaşı Aidə İbrahimovanın rəsm sərgisi sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Məlumat üçün qeyd edək ki, 30-dan artıq müxtəlif janrlarda əsərlərin nümayiş edildiyi sərgidə Şimali Kipr Respublikasının prezidenti Ersin Tatar iştirak edib. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən sərginin təəssüratlarını isə gənc rəssamdan öyrənirik: 
    “İkigünlük səfər çox əhəmiyyətli, tarixi bir görüş oldu. Ümummilli Liderin 100 illiyinə həsr olunmuş bu sərginin təşkili və reallaşması qürurverici idi. Çünki azərbaycanlı bir rəssam kimi əsərlərimlə ölkəmizi xaricdə təmsil etmək böyük məsuliyyət tələb edirdi. Həm də qürurluyam ki, bu cür tarixi əhəmiyyətli ildə – “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də məhz bu sərgi oldu. 
    Sərgidən öncə Lefkoşa şəhərində Prezident Ersin Tatar bizi qəbul etdi. Görüş zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edildi. Şimali Kiprin dövlət başçısı görüşdə iki dövlət arasındakı mədəni-siyasi əməkdaşlığın inkişafı istiqamətində mühüm tədbirlər görüldüyündən bəhs etdi. Prezident onu da qeyd edib ki, Kipr türkləri daim azərbaycanlıların yanında olub. Azərbaycanın da həmişə Türk dünyasının sıx birliyinə verdiyi töhfələrin davamlı xarakter daşıdığı və bundan sonra da bu amallara sadiq qalacağı vurğulandı. 
    Müsahibimiz deyir ki, görüşdən sonra axşam saatlarında Şimali Kiprin Girne şəhərində sərginin açılışı reallaşdı. Açılışda Prezident Ersin Tatar iştirak etdi və lenti kəsdi. Bu, bir gənc azərbaycanlı rəssam kimi mənə sonsuz sevinc və fəxarət hissi yaşatdı. Sərgilənən bütün əsərlərə baxılıb müzakirə edildi. Prezidentə bəyəndiyi əsərlərimdən birini – “Xanəgah türbəsi”nin rəsmini təqdim etdim. Onu da qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutan sərginin yüksək səviyyədə təşkilində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin, xüsusilə də Cəmiyyətin sədri, həmyerlimiz Orxan Həsənoğlunun əməyi ayrıca vurğulanmalıdır. Görüşdə bizimlə birlikdə bir neçə həmyerlimiz də iştirak edirdi. Bu, azərbaycanlıların həmrəyliyinin, təəssübkeşliyinin bariz sübutu idi”. 
     Aidə xanım qeyd edir ki, Şimali Kiprdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikalarının bayraqlarının birgə dalğalandığını görmək qürurverici hadisə idi. Ölkə hüdudlarından kənarda qurum və təşkilatların həyata keçirdiyi möhtəşəm tədbirlərdən birinin də bu sərgi olması böyük iftixar hissi bəxş etdi. Nəinki Azərbaycan xalqı, bütün Türk dünyası Ümummilli Liderə sonsuz ehtiram və sayğı göstərir. Dövlət başçısı və digər rəsmi şəxslərin sərginin təşkili, açılışı və gedişatında yaxından iştirak etməsi, keçirilən tədbirin ölkə səviyyəsində işıqlandırılması bunun ən aydın təzahürü idi. 
    Gənc rəssam bundan sonrakı planlarını da bizimlə bölüşdü: “Mənim üçün böyük motivasiya mənbəyi və təcrübə olan bu sərgini müxtəlif ölkələrdə daha da genişləndirilmiş formada reallaşdırmağı arzu edirəm. İlin sonuna kimi isə sərgiyə daxil olan əsərlərin sayını artırmaqla məmləkətimizdə də bu sərgini reallaşdırmağı planlayıram. Hər zaman istedadlı gənclərin fəaliyyətini dəstəkləyən, bizləri bu yolda tək qoymayan dövlətimizə minnətdarlığımızı bildiririk”. 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 13.10.2023 19:05