AZ EN RU

Naxçıvandan Ordubada yola düşən Novruz qatarı

Bu gün Naxçıvandan Ordubada yola düşən “Novruz qatarı”nın 4 vaqonuna gənclər toplaşaraq “Xanbəzəmə”ni görmək üçün qədim və tarixi şəhər, Azərbaycanın incisi hesab edilən Ordubada səfər ediblər. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilən bu səfər təkcə Ordubad adətləri ilə tanışlıq deyil, həm də gənclərin sosiallaşması, Novruz ənənəsinə uyğun birliyinin təcəssümüdür. 

Novruz bayramına məxsus atributlarla bəzədilmiş sərnişin vaqonunlarında yol boyu uzun məsafəni qısaltmaq üçün bacarıqlı gənclər mahnı oxuyub, rəqslər edib, yallı gedib, bir vaqondan digərinə keçməklə şənləniblər.

Hərəkət qrafikinə uyğun olaraq yarımsaat Culfa dəmir yolu vağzalında dayanan qatar 3 saatdan sonra Ordubada çatıb. Maraqlı, əyləncəli oyunlarla gedilən yoldan sonra gənclər şəhərin mərkəzinə - "Sərşəhər" meydanına yol alıblar. 

Hər məhəlləsində çinar, kəhriz və məscid olan, deyiləndən artıq gözəlliyə malik Ordubadda Novruz şənliyi tam fərqli tərzdə keçirilir. “Xanbəzəmə” mərasimi Naxçıvanın qədim adət-ənənələrindən biridir. Novruz bayramında təyin edilmiş bir nəfər xan seçilir və o, xüsusi olaraq bəzədilir. Lakin, xan ciddi olmalıdır. Əgər gülsə, xanı hovuza atırlar və başqa xan seçirlər. Keçmişdə muxtar respublikanın bütün rayon və şəhərlərində keçirilən bu mərasim indi sadəcə Ordubadda keçirilir. 

Başdan-başa rəngli lentlər, şarlarla bəzədilmiş meydanın başında xan əyləşir. İlk baxışdan Ağa Məhəmməd şah Qacarı xatırladan xan nə “fərman versə” onu da edirlər. Hətta tədbirdə rəmzi olaraq dar ağacı da quraşdırılıb.

Ordubadın Sərşəhər məhəlləsində keçirilən "Xanbəzəmə" tədbirinə rayonun müxtəlif kəndlərindən, eləcə muxtar respublikanın digər şəhər və rayonlarından yüzlərlə qonaq qatılıb.

Qeyd edək ki, Ordubadda "Xanbəzəmə" 3 gün davam edir. Lakin bu il Ramazan ayına görə, tədbir sadəcə 2 gün davam edəcək.

Nəşr edilib : 22.03.2023 10:11