AZ EN RU

Naxçıvandan nümayəndə heyəti Bakıda qadın liderliyinə həsr olunmuş tədbirdə iştirak edib

Bakı şəhərində Heydər Əliyev Mərkəzində regionun qadın liderliyinə həsr olunan ən böyük tədbirlərindən biri olan altıncı “SHE Congress” tədbiri keçirilib.

Tədbir aktual mövzular, həmçinin qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların müzakirəsinə ev sahibliyi edib. Konqresin mövzusu “İndinin gücü: Anı yaşa” (The Power of Now: Live the Moment!) olub.

“SHE Congress”də Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digərləri çıxış edib, tədbir panel müzakirələrlə öz işini davam etdirib. 

Tədbirdə aralarında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın yer aldığı muxtar respublikadan olan nümayəndə heyəti  də iştirak edib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd qadınların qanun çərçivəsində hüquqlarının müdafiəsi və cəmiyyətdə qadınlarla kişilər arasında bərabərliyin, dayanıqlığın təmin olunmasıdır. “SHE (Smart, Happy, Equal) Congress”i ekspertləri, biznes liderlərini və sahibkarları bir araya gətirən unikal platformadır. 2017-ci ildə təsis edildiyi gündən bəri konqres ünsiyyət qurmaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün imkanlar təqdim etməklə qadınların şəxsi və peşəkar inkişafını təşviq edir. Bu gün “SHE Congress” Azərbaycanda və ölkənin hüdudlarından kənarda qadın liderliyini önə çəkən mühüm hadisə hesab olunur.

Nəşr edilib : 23.05.2024 17:56