AZ EN RU

Naxçıvandan Dörddivana uzanan 900 illik sirr…

... Bu yurdun insanları çox zəhmətkeşdirlər. Ata-babadan məşğuliyyətləri əkinçilik və heyvandarlıqdır. Dəyərlərinə çox sadiqdirlər. Böyüyün böyük, kiçiyin kiçik yeri var. Bu yerlərdə qış hazırlığı məxsusi xarakter daşıyar: payızda qovurmalıqlar edilər, qonum-qonşu yığışıb əriştə kəsib qışa saxlayarlar. Qocalara, xəstələrə baş çəkmək ən savab işlərdən sayılar. Uşaqlar gizlənqaç, çəlik-çəlik oynamağı çox sevərlər. Ay yeni görünən zaman salavat çevirər, il quraq keçərsə, müsəlliyə çıxıb yağışın yağması üçün Allaha dua edərlər. Boş beşiyi yırğalamazlar ki, uşağın sancısı tutar. Birinin qulağı qızararsa, haqqında danışılır anlamına gələr, gecə aynaya baxmaz, dırnaq kəsməzlər. Qaraağac qabığını yonub uşağın boynuna asarlar ki, nəzər dəyməsin. Çöldə inək-qoyun itərsə, tez qurdun ağzını bağlayarlar ki, heyvana toxunmasın.

Belə adət-ənənələr buradakı  Seyidəlilər, Bayramlar, Göynük, Nuhören, Dülgər və adını sadalamadığım onlarla kəndlərdə, ayrı-ayrı məhəllələrdə bu günədək yaşadılır. Hə, bir də Naxçıvan məhəlləsi var axı burada. Yüzillərdir, naxçıvanlıların yaşadığı kiçik bir məhəllə. Türkiyənin Bolu vilayətinin Dörddivan rayonuna bağlı Adaköy kəndindəki bu kiçik məhəlləni necə axtarıb tapmağımı isə Dörddivanda görüşdüyüm hər kəs təəccüb və maraqlı soruşurdu. Onlar da haqlı idilər. Çünki məhəllə haqqında heç bir yerdə məlumata rast gəlməzsən, hətta internetdə belə, axtarış versən, qarşına heç nə çıxmayacaq. Bu haqda sonda bəhs edəcəyəm, amma hələlik Dörddivandan başlayaq. Ərazicə kiçik, tarix və mədəniyyət baxımdan çox zəngin olan Dörddivandan...

          Əslində, Dörddivan 1990-cı ilədək Bolunun Gərədə rayonuna bağlı qəsəbə olub, sonra isə inzibati baxımdan rayona çevrilib. Əhalisi 7000-ə yaxın olan bu rayon 24 kənd və 8 məhəlləni özündə birləşdirir. Tarixi mənbələrə görə Dörddivanın yaşayış məskəni kimi təşəkkül tapması I Ələddin Keyqubadın dövrünə təsadüf edir. Belə ki, məşhur türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində Sultan Ələddin Keyqubadın Bolu bəyi olarkən fəth etdiyi dağlarda təşkil etdiyi divanlardan (sultanın da iştirak etdiyi toplantı yerləri) bəhs edir. Deyilənlərə görə əvvəllər bu cür divanların sayı yeddi olub, ancaq sonralar bunlardan dördü qalıb. Elə buna görə də bu yerlərə “Dörddivan” deyiblər.

Bu məlumatları araşdırmalarımızda bizə yaxından kömək edən Fəxri Kayahalp və Mustafa Uludagla söhbətimizdən öyrənirik. Fəxri bəy Dördivanın tanınmış şairlərindəndir, bir neçə şeir kitabının müəllifidir. Mustafa Uludağ isə rayonun Adaköy kəndində uzun illər məscidin imamı olub, hazırda Boluda yaşayır. Hər ikisi Dörddivanın tarixinə, mədəniyyətinə, milli dəyərlərinə bağlı insanlardırlar. Elə Dörddivanda məni ilk qarşılayanlar da onlar idilər. Hələ Naxçıvanda olarkən tanıdığım və telefonla tez-tez əlaqə saxladığım dil-ədəbiyyat müəllimi Yasin Şən həmin gün liseydə imtahanların olduğu səbəbi ilə bir az gecikəcəyini, mənimlə ilk görüşə onların gələcəyini söyləmişdi. Elə biz də dörddivanlı bu dostlarımızla əvvəlcə rayon mərkəzində çay süfrəsi arxasında bir xeyli söhbət etmiş, sonra isə Adaköyə getməyi qərarlaşdırmışdıq. Çünki bir azdan Yasin müəllim də bizə qoşularaq axtadığımız məhəlləni birlikdə gəzəcəkdik.

Əslində, Dörddivanın kəndləri rayon mərkəzinə yaxın yerlərdə yerləşirlər. Adaköylə Dörddivan arasında məsafə də üç kilometrdən çox olmaz. Yolboyu müsahiblərimin hər ikisi buradakı kəndlər, məhəllələr haqqında məni məlumatlandırırlar. Qısa söhbətimizin ardından dostlarımız maşını saxlayıb, “bax indi Naxçıvan məhəlləsinə tərəf gedirik, istəyirsən buraların fotoşəklini çək”, – deyə mənə tərəf dönürlər. Əlbəttə, deyib ilk olaraq məhəlləyə gedən yolu göstərən “Nahçıvan” yazılı lövhəni kameranın yaddaşına köçürürəm. Mustafa bəy deyir ki, 90-cı illərə qədər biz Naxçıvanın adını “Nakhcıvan” olaraq yazırdıq. Azərbaycanla sərhədlər açıldıqdan sonra mediada Naxçıvan sözünün necə yazıldığını gördük və bundan sonra məhəllə adını indi gördüyünüz kimi qeyd etməyə başladıq. Müsahibim onu da deyir ki, Naxçıvan Adaköyün məhəlləsi olsa da, kənddən bir az aralıda yerləşir. Hətta kənardan baxdıqda hər ikisinin qonşu kənd olduğunu zənn edərsən. Amma buradakı kəndlər çox kiçikdir, daha doğrusu, uzun illər Dörddivan və kəndləri diqqətdən kənarda qaldığından insanlar dolanışıq üçün daha çox böyük şəhərlərə üz tutublar. Buna görə də əhali sayı buradakı kəndlərdə ildən-ilə daha da azalıb. Nəticədə, az sayda yeni evlər tikilsə də, mövcud olanların da bir çoxu uçub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Naxçıvan məhəlləsi də, həmçinin. Bu kiçik məhəllədə üst-üstə 15-20 ev ola, ya olmaya. Elə indinin özündə də bu evlərin bəzilərində yaşayan yoxdur. Dediyim kimi, sakinlərin çoxu, xüsusilə gənclər buranı tərk etdiyindən, əsasən, yaşlı insanlar qalıb.

 

Söhbət edə-edə məhəllədəki “Naxçıvan” məscidinin yanına gəlib çatırıq. Bu vaxt Yasin müəllim də işlərini qurtarıb məhəlləyə gəlir. Görüşüb hal-əhval tuturuq. Məhəlləni gəzməyə davam edirik. Küçələrdə sakitlikdir. Hətta bir-iki nəfərdən başqa heç kimi görmürük. Mustafa Uludağdan məhəllənin Adaköydən niyə belə aralı düşdüyünü soruşuram. Səbəbini bilmir, bəlkə də əkin sahələrinə görə, bəlkə də nə bilim... Amma maraqlı bir məlumatı bizə çatdırır. Deyir ki, bizim yaxın bir dostumuz var, Ankarada dörddivanlıların dərnək rəhbəridir, gənc adamdır. Hələ bir neçə il bundan öncə onların ailəsində dədə-babalarından qalan qədim bir Osmanlı xəritəsi var idi. Boluya aid bu xəritədə indiki Dörddivan və kəndlərinin hamısı əks olunmuşdu. Maraqlı burasıdır ki, həmin xəritədə indiki Naxçıvan məhəlləsinin olduğu ərazi daha böyük sərhədlərlə əks olunmuşdu. Bu məlumatdan sonra ilk qənaətimiz belə olur ki, bəlkə də buradakı “Naxçıvan” daha böyük ərazini əhatə edib, amma zaman keçdikcə çoxsaylı köçlər, əhalinin  müxtəlif səbəblərdən buranı tərk etməsi “Naxçıvanın” da kiçilərək məhəllə səviyyəsinə qədər gəlib çıxmasına səbəb olub. Amma dediyim kimi, bütün bunlar ilkin ehtimallardır və araşdırılmağa ehtiyacı var. Yeri gəlmişkən, biz Ankarada fəaliyyət göstərən Dörddivan dərnəyinin rəhbəri Fəxrəddin bəylə də əlaqə saxlayırıq. Xəritə ilə bağlı dediklərimizi təsdiqləyir və söz verir ki, yaxın günlərdə Ankaradan kəndə gələn kimi (kənddəki evlərində heç kim yaşamır) həmin xəritə qalırsa, onun fotoşəklini çəkib bizə göndərəcək. Söhbətin bu yerində “Naxçıvan” məscidində əsr namazı üçün azan verilir. Dostlarımız namaz qılmaq üçün məscidə daxil olurlar. Mustafa Uludağ on ildən çox imamlığını etdiyi bu məsciddə son illərdə aparılan təmir işlərindən də bəhs edir. Eyni zamanda məscidin gənc imamı da bizi hörmətlə qarşılayaraq içəri dəvət edir. Məsciddə məhəllə sakinlərindən heç kimi görmürük. Amma buranın daxili aurası insana elə bir mənəvi yüngüllük veririr ki... Həyatda təsadüfi şeylərin olduğuna inanmıram. Hər halda məhəllədə olarkən azan səsinin gəlməsi də, sanki Uca Yaradanın mənim üçün bir təqdiri idi. Və bu ilahi dəvəti qaçıra bilməzdim. Beləliklə, mən “Naxçıvan” məscidində dostlarımızla birgə namaz qılan ilk naxçıvanlı idim...

Məhəllədən çıxıb Dörddivanın yaylaqlarına üz tuturuq. Çünki buradakı yaylaq həyatı dörddivanlıların əsrlərdir həyat tərzi hesab olunur. Fəxri bəy ata-anasının hazırda Sümmə yaylağında olduğunu əsas gətirib ora getməyi təklif edir. Yolboyu söhbətlərimiz yenə də bu yerlərin tarixi ilə bağlı olur. Yasin müəllim deyir ki, Dörddivanın tarixi ilə bağlı mənbələrdə yazılır ki, Malazgird savaşı zamanı oğuz türklərinin kayı boyundan olan bir qismi 1070-ci illərdə Dörddivan və ətrafına yerləşir. Yerləşdikləri yerlərdə də özlərinə məxsus yer adlarını burada məskən saldıqları ərazilərə verirlər. Xüsusilə Naxçıvandan, Azərbaycandan gələnlər burada öz ənənələrini, dəyərlərini qoruyub saxlayaraq bunu gələcək nəsillərə ötürürlər. Maraqlı burasıdır ki, Yasin müəllim burada Nuh Peyğəmbərin adı ilə bağlı olan Nuhören kəndi və eyniadlı yaylanın da olduğunu söyləyir. Hətta ertəsi gün vaxt azlığından Nuhören kəndinə getməsək də, yol kənarında kəndin yolunu göstərən lövhənin şəklini çəkməyi də unutmuruq.  Biz isə qədim Naxçıvan adının “Nuh çıxan yer” ilə bağlılığı haqqında dostumuza məlumat verir və buradakı həmin yerlərin də təsadüfi adlandırılmadığını bildiririk.

...Yaylaqda bizi Fəxri bəyin atası Fevzi Kayahalp qarşılayır. Hal-əhval tutub salamlaşır, bizi təzə sağılmış südə və çaya qonaq edir. Yaşı yetmişi keçmiş Fevzi dayı ilə bu yerlərin şair qəlbli insanlarından, xeyir-şər mərasimlərindən, mətbəx mədəniyyətindən danışırıq. Deyir ki, bəzi dəyərlərimiz sıradan çıxsa da, hələ də onları yaşadanlar var. Məsələn, keçmiş zamanlardan qışa hazırlıq məxsusi əhəmiyyət daşıyardı. Hər kəs evində əriştə kəsib qurudar, qovurmalıq edib qışa hazırlıq görərdi. Çöl-bacadan toplanılan giləmeyvələrdən gözəl mürrəbələr hazırlanıb qış tədarükü görülərdi. Bu yaşlı insan danışdıqca görürəm ki, Dörddivandakı məişət mədəniyyəti bizimlə, demək olar ki, eynidir. Necə deyərlər, insan doğulandan yaşayıb dünyasını dəyişənədək saysız-hesabsız adətlər var ki, onların hər birinə bu gün də əməl olunur. Məsələn, burada uşağın göbəyi düşdükdən sonra onu, adətən, məscid divarlarının yaxınlığında basdırarlar ki, inanclı biri olsun. Bizdə də keçmiş zamanlarda uşağın göbəyinin bir məktəb divarları yaxınlığında basdırılması adəti var idi ki, uşaq gələcəkdə yaxşı oxusun. Uşağın qırxının çıxarılması, diş çıxararkən ona hədik bişirilməsi (diş bulquru) burada da qeyd olunar. Hədik yeməyi üçün çağırılan qohumlar uşağa hədiyyələr alıb gətirərlər. Bundan əlavə, məsələn Dörddivanda bir “Hoşmerim” adlı bir yemək var. Bu yeməyin belə bir hekayəsi var ki, bir gün gənc xanım əsgərdən gələn həyat yoldaşına  gözəl bir yemək hazırlayır və evə gələrkən qarşısına qoyur. Yeməyi yedikdən sonra həyat yoldaşından soruşur ki: hoşmu erim? (eşim, kocam yox, məhz ərim) Və zaman keçdikcə yeməyin adı dildə bir az dəyişilərək hoşmerim şəklini alır.

Yaylaqda söhbətimiz uzun çəkir. Bu yaşlı insan danışdıqca əsrlərdir, burada yaşayan oğuz türklərinin öz adət-ənənələrini necə qoruyub saxladığına, sözün əsl mənasında, təəccüb edirəm. Demək ki, bizimlə eyni kökə bağlı insanlarımız yüz illərdir bu dəyərləri saxlamağı bacarıblar. Təsadüfi deyil ki, əslən Ordudan olan və artıq  beş ildən çoxdur ki, Gərədədəki Anadolu Liseyində türk dili və ədəbiyyatı fənnini tədris edən Yasin Şən Dörddivandakı bu mədəni və tarixi zənginliyi dərindən dərk edərək bir neçə kitab da yazıb. Dörddivanın ədəbiyyatı, folkloru, mədəni və milli dəyərlərindən bəhs edən bu kitablarda nələr yoxdur ki. Xüsusilə dostumuzun 2021-ci ildə nəşr olunmuş “Dörddivan kültür atlası” bu oğuz yurdunun mədəni dəyərləri ilə bağlı yazılmış ən möhtəşəm kitablardan biridir. Kitabda Dörddivanın tarixi abidələrindən, ziyarətgahlarından, folklor nümunələrindən, xalq inanclarından, ədəbiyyatından tutmuş coğrafiyasınadək çox maraqlı məlumatlar yer almaqdadır.

Yaylaqdan geri qayıdarkən Yasin müəllimdən bizi Dörddivanın Aşağı Sayıq kəndinə aparmağı xahiş edirəm. Bura gəlməyimizin səbəbi isə kənddə xalq qəhrəmanı Koroğlunun evi olduğu düşünülən tarixi bir evlə tanış olmaq istəyimiz olur. Yaşlı kənd sakini, vaxtilə kənddə məsul vəzifədə çalışmış Mustafa Öztürk türk xalqlarının ümumi ortaq qəhrəmanı olan Koroğlu haqqında fərqli rəvayətlərdən, Koroğlunun evi ilə bağlı aparılan tarixi araşdırmalardan bizə bəhs edir. Onu da deyim ki, əslində, Koroğlunun doğulduğu evin Yuxarı Sayıqda olduğu bildirilsə də, məşhur tarixçi Faruq Sümerin araşdırmalarından sonra Aşağı Sayıq kəndindəki ev Koroğlunun evi kimi bəlirlənmişdir. 

... Ertəsi gün səhər Dörddivandan çıxmağı qərarlaşdırsam da, dostlarımız rayonun bələdiyyə sədri hörmətli Həmzə Əfə bəyin də mənimlə görüşmək istədiyini bildirirlər. Buna görə də səhər bələdiyyə sədri ilə iş otağında görüşürük. Bizi çox səmimiyyətlə qəbul edən Həmzə bəy Naxçıvandan gəldiyimizi eşidəndə çox sevinir. Bələdiyyə sədrinə Dörddivanla bağlı ortaq tariximizin, mədəniyyətimizin oldugunu bir daha dilə gətiririk. Gətirdiyimiz misallarda Naxçıvanda da eyni dəyərlərin yaşadıldığını bildirir, əsrlər keçsə də, bu dəyərlərin qorunduğunu söyləyirik. Bələdiyyə sədri ilə söhbətimiz onun üçün də çox maraqlı olur və Naxçıvanla bağlı yeni əlaqələrin qurulmasının Dörddivan və dörddivanlılar üçün yeni bir körpü olacağını bildirir. Bələdiyyə sədri olaraq bu işə hər zaman böyük sevgi ilə töhfə verməyə hazır olduğunu deyir. Söhbət əsnasında Dörddivanda yaxın gələcəkdə görüləcək işlər haqqında da bizə məlumatlar verir. Bildirir ki, yaxın bir ay ərzində Aşağı Sayıq kəndində Koroğlunun ev-muzeyi ilə bağlı restavrasiya işlərinə başlanılacaq və bu, bölgənin turizm baxımından inkişafına yeni yol açacaq. Artıq bununla bağlı hüquqi işlər başa çatdırılıb. Eyni zamanda rayonda sənayenin, kənd təsərrüfatının inkişafı ilə bağlı bir neçə layihələrə başlanılacağını bildirir. Biz də öz növbəmizdə bələdiyyə sədrinə yeni işlərində uğurlar arzulayıb oradan ayrılırıq.

Beləliklə, bizim Koroğlunun diyarı Dörddivana səfərimiz başa çatır. Bu yazının hazırlanmasında burada adı keçən hər kəsə öz səmimi təşəkkürlərimi bildirirəm. Bir də burada adını çəkmədiyim, əslində isə heç adını da bilmədiyim bir insana daha təşəkkür borcum var. Əslində, o da məni tanımır. Heç bu yazını oxuyacağını da zənn etmirəm. Amma məsələ burasındadır ki, Adaköydəki Naxçıvan məhəlləsi adına mən ilk dəfə olaraq elan saytlarından birində rast gəlmişdim. Sonradan o elan sahibini yenidən axtarsam da, tapa bilməmişdim. Ancaq “Naxçıvan məhəlləsi” sözü o zamandan yaddaşımın bir küncünə ilişib qalmış, tam üç ildən sonra bu ipin ucundan tutaraq 900 il bundan əvvəl buralardan gedərək Bolu ətrafında köç salmış naxçıvanlılarla, oğuz türkləri ilə görüşə bilmişdim. Qoy bu da Dörddivanda məndən maraqla bu yerlərə necə gəlib çıxdığımı soruşanlara bir cavab olsun.

- Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Naxçıvan-Bolu-Naxçıvan     

Nəşr edilib : 19.06.2023 11:49