AZ EN RU

Naxçıvandan daha bir cüdo məşqçisi beynəlxalq sertifikat aldı

Azərbaycan Cüdo Federasiyası (ACF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə əməkdaşlığı ilə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo üzrə seminar və sertifikat proqramı reallaşıb. Proqramda Azərbaycanın müxtəlif bölgələrindən ümumilikdə 63 məşqçi iştirak edib və onlara sertifikat təqdim olunub. Sertifikat alanlar arasında Naxçıvan Güləş Federasiyasının Culfadakı cüdo bölməsinin baş məşqçisi Hafiz Məmmədov da var. Proqramı uğurla tamamlayanlar beynəlxalq müstəvidə məşqçilik etmək hüququna malikdirlər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının sədri Envik Qalea məşqçilərə iştirakçı sertifikatlarını təqdim ediblər.

Xatırladaq ki, ötənilki proqramda federasiyanın digər üzvü, Naxçıvan Şəhər Uşaq Gənclər-İdman Məktəbinin məşqçi-müəllimi Orxan Quliyev də sertifikata layiq görülmüşdü.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 16.02.2024 16:58