AZ EN RU

Naxçıvandan daha 12 tır yardım Türkiyəyə göndərilib

         Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlərdən zərər çəkmiş insanlara köməklik göstərilməsi məqsədilə ölkəmizin hər yerində olduğu kimi,muxtar respublikada da qardaş ölkə üçün dəstək aksiyası başlayıb. Fevralın 9-da daha 12 tır yardım Türkiyəyə yola salınıb. Diplomatik nümayəndəliyin əməkdaşı Vüqar Əliyevdən aldığımız məlumata görə göndərilən tırlardan birində Əlahiddə Ümumqoşun Ordu tərəfindən verilən 43 çadır dəsti, 2 mini generator, eləcə də, qızdırıcı, istilik ləvazimatları olub. Digər tırlarda isə əsasən qida, geyim, uşaq bezi, “Badamlı”, “Çınqıllı” suları, yataq, yorğan dəstləri, xalçalar yığılaraq göndərilib.

         Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya“Şərq qapısı” qəzetinə müsahibəsində yardım göndərən hər kəsə təşəkkürünü bildirərək deyib: - Zəlzələ baş verdikdən dərhal sonra biz çox böyük fəlakət olduğu üçün beynəlxalq yardım çağırışı etdik. İlk köməyə yetişən ölkələrdən biri Azərbaycan oldu. Qardaş ölkə yardım çatdırma, xilasetmə dəstəsi göndərdi. Daha sonra ehtiyac duyulan ləvazimatları sosial media hesablarımızdan bildirdik. O andan bəri Naxçıvandakı Baş Konsulluğumuza inanılmaz yardım axını oldu. Bizim yardımları Baş konsulluqda çeşidliyib göndərməyimiz çətin idi. Bu işdə Əlahiddə Ümumqoşun Ordu bizə köməklik etdi, ordunun anbarında bunun üçün şərait yaradıldı. Fevralın 8-də 12 tır Naxçıvandan Türkiyənin Adıyaman bölgəsinə göndərildi. Bu gün də 12 tır yola salındı. Tırlarda əsasən qida maddələri, su, geyimlər, çadırlar vardır. Bundan sonra daha çox çadıra, istilik ləvazimatlarına, qışlıq geyimlərə, dərmanlara, gigiyenik vasitələrə ehtiyac vardır. Yardım etmək istəyən naxçıvanlı qardaşlarımız bunlara önəm versələr məmnun olarıq. İstifadə olunmuş paltarları gətirməsələr yaxşı olar, çünki onlardan çox vardır. Paltarların çeşidlənib göndərilməsi olduqca çətindir. Mən Türkiyə Cümhuriyyəti, Türk xalqı adından yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Böyük bir həmrəylik örnəyi göstərdilər. Bildiyimiz kimi, biz bir millət, iki dövlətik. Bunu bir daha bütün dünyaya göstərdik. Onu da deyim ki, Əlahiddə Ümumqoşun Ordu köməklik etməsəydi bizim üçün yardımları çeşidliyib yola salmaq çətin olardı. Bir daha əməyi keçən hər kəsə, o cümlədən də Əlahiddə Ümumqoşun Ordunun burada çalışan heyətinə dəstəklərinə görə təşəkkürümü bildirirəm.

Nail ƏSGƏROV

Nəşr edilib : 09.02.2023 18:33