AZ EN RU

Naxçıvandan boylanan ədəbiyyat Günəşi – Hüseyn Cavid

Ulu öndər Heydər Əlİyеv: ...Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. ...Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

 

    Azərbaycan xalqının dünya ictimai fikir və mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlər arasında böyük yazıçı, romantik şair, dramaturq Hüseyn Cavidin adı xüsusi yer tutur. Onun çoxcəhətli yaradıcılığı humanist ideallarla zənginliyi baxımından diqqəti cəlb edir. Bəşəri dəyərlərə verdiyi əhəmiyyətə, ali ideallara dönmədən göstərdiyi sədaqətə və xidmətə görə bu görkəmli Azərbaycan şairi və dramaturqunun yaradıcılığı ədəbiyyat tarixində ön sıralardan birini tutmaqdadır. 

“Sahib-mənsəb ziyalılar yurdu”nun övladı
 

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli bayraqdarı kimi geniş şöhrətə malik olan Hüseyn Cavid Molla Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olub. Onun atası, dövrünün tanınmış rövzəxanı olan Molla Abdulla əslən “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan Şahtaxtı kəndindən idi. Valideynləri Cavidin ruhani olmasını istəyir, gözəl səsə malik övladlarının gələcəkdə şöhrətli rövzəxan olacağına inanırdılar. Buna görə də Cavid digər sənətkarlarımızın yaşadığı taleyə bənzər olaraq ilk təhsilinə mollaxanadan başlayıb. Amma Cavid bu dövrdə öz müəllimlik şöhrətilə tanınan görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində təhsil almaq həvəsində idi. Elə bu həvəsin və inadkarlığın nəticəsi idi ki, anasının təklifindən –  təzə köynəyi almaqdan imtina etmiş, həyətlərindəki tut ağacında axşamlayaraq öz etirazını bildirmişdi. Sonralar görkəmli pedaqoqun mahir natiqlik qabiliyyətinin təsiri ilə ata Molla Abdulla öz fikrindən daşınaraq Cavidin “Tərbiyə” məktəbində təhsil almasına razılıq vermişdi. Bu səbəbdən irəli gəlirdi ki, böyük ədəbiyyat nəhəngi olan Hüseyn Cavid atası Molla Abdullanı “başı əmmaməli ziyalı” adlandırmışdı: “O əmmaməli mollanın ayıq başı, böyük ürəyi var idi. O, başı əmmaməli ziyalı idi”. Məhz maarif tərəfdarı olması ilə əlaqəli idi ki, Molla Abdullanın 4 oğlu özünün təhsili və bilikləri ilə tanınmışdılar: – Şeyx Məhəmməd, Hüseyn Cavid, Əlirza və Molla Əhməd. İlk təhsilini mollaxanada alan Hüseynin sonrakı taleyi o dövrün “darülürfanı”, “seminariyası” kimi böyük şöhrəti olan müəllimlər müəllimi Məhəmməd Tağı Sidqinin direktoru və müəllimi olduğu məşhur “Tərbiyə” məktəbi ilə bağlanmışdır. Hüseyn Cavid “Tərbiyə” məktəbindən sonra 1898-ci ildən 1904-cü ilə qədər İranda “Talibiyyə” mədrəsəsində təhsil almış, Təbrizdə və Urmiyada olmuşdur. Qeydlərə əsasən Cavid İranda olarkən Xiyabaninin redaktoru olduğu “Təcəddüd” qəzetində bir şeirini də çap etdirmişdir. 

1905-ci ildən etibarən Cavidin həyatında Türkiyə dövrü başlayır. Cavid Türkiyədə olarkən Rza Tovfiqin mühazirələrinə qatılır və onun təqdimatı ilə fakültəyə qəbul edilir. 1906-cı ildən 1910-cu ilə qədər İstanbulda məşhur alimlərdən təhsil alır. İstanbul dövrü Cavidin həyatı və yaradıcılığında çox mühüm rol oynayır, həm də İstanbul ləhcəsi onun yaradıcılıq dilinə çevrilir. 1910-cu ildən həyata atılan Cavid Naxçıvana qayıdıb müəllimliklə məşğul olur, buradakı “Rüşdiyyə”, Bakıdakı “İttihad” məktəbində dərs verir, “Ədəbiyyat” dərsliyinin müəlliflərindən biri olur. Cavid, həmçinin Araz Türk Respublikasının nümayəndə heyətinin tərkibində müxtəlif yerlərdə və tədbirlərdə də iştirak edir. 

Romantik lirikanın əbədiyaşar nümayəndəsi

Böyük şair-dramaturq Hüseyn Cavid çoxşaxəli və zəngin yaradıcılığa malikdir. Yaradıcılığına lirik şeirlə başlayan və “Gülçin”, “Salik” imzaları ilə şeirlər yazan Cavid ədəbiyyat tarixində gözəl şair olaraq tanınır. Onun, həmçinin böyük istedadla yazılmış zəngin dram əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” və başqa dram əsərləri, “Azər” poeması ilə böyük humanist ideallar şairi olaraq özünü təsdiq etmişdir. “Yadi-mazi”, “Get”, “Könlümü”, “Hər yer səfalı, nəşəli”, “Xuraman-xuraman” kimi şeirləri Hüseyn Cavidin ədəbi şəxsiyyəti və sənət idealını səciyyələndirmək üçün mühüm əhəmiyyət kəsb edir. “Bənim Tanrım” şeiri isə görkəmli ədibin sənət və yaradıcılıq kredosu kimi onun sənət idealı və ideyalarına tamam aydınlıq gətirir:

    Həzz etmədim firqədən, cəmiyyətdən,
    Zövq alamam hərbdən, siyasətdən,
    Bir şey duymam fəlsəfədən, hikmətdən,
    Bənim ruhum gözəllikdir, sevgidir.

    “Sevgi xoşdur, sonu fəryad olsa da”, “Sevgisiz bir başda əqrəblər gəzər” kimi misraları şairin sənət kredosunu tamamilə özündə ifadə edir. 

Böyük ideallar şairi

Hər bir əsərində böyük humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görürdü. “Məhəbbətdir ən böyük din” fikri Hüseyn Cavidin yaradıcılıq şüarı və sənət proqramı idi. “Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər” misrası ilə bu görkəmli Azərbaycan şairi bütün cəmiyyətlərin, ümumən, bəşəriyyətin xoşbəxt və firavan yaşayışı üçün hər cür ayrı-seçkiliyi ləğv edən böyük humanist ideya irəli sürürdü. Hər cür təfriqəyə, qarşıdurmaya, müharibəyə son qoymağa çağıran böyük humanist şair “Mənim Tanrım gözəllikdir, sevgidir” idealını irəli sürərək sevgini ictimai yaşayış tərzi və əxlaqı kimi bütün bəşəriyyətin, insanlığın xilası, nicatı olaraq müəyyənləşdirirdi. Buna görə də bu böyük söz ustadının hər sətri və misrası başdan-başa humanizm və məhəbbət ideyasından yoğrulmuşdu. 
    Özünü mənsub olduğu xalqın maariflənməsi, inkişafı və azadlığına həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarının əyani ifadəsidir. O, mənsub olduğu xalqın gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özü də həm şair, həm də görkəmli pedaqoq, müəllim kimi bu ideallara yorulmadan xidmət göstərirdi. Böyük pedaqoq-şair H.Cavid: “O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, Demə insan o nadanə ki, bir heyvani-natiqdir”, – deyə elmi, mərifəti insanlığın meyarı hesab edərək xalqını, millətini maarifə, elmə səsləyirdi. H.Cavid, həmçinin “diqqət nəzəri ilə baxanda əcnəbilər “balon vasitəsilə neçə günlük məsafəni bir saat ərzində, elmi-sənaət təhsili qüvvəsilə teyy etməyə qadir olurlar” deyərək müsəlmanların cəhl, fanatizm, gerilik içərisində qalmağını ürək ağrısı ilə ifadə edəndə “Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz” deyən böyük satirik şair M.Ə.Sabir və başqa görkəmli ziyalılarla fikir birliyi nümayiş etdirirdi. Millətpərvər şair H.Cavid milli dil məsələsində də dövrün görkəmli ziyalılarının fikir və mübarizələrinə qoşulurdu. “Əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini ...öyrənmək”, – deyə vətənsevər şair ana dilini öyrənməyi zəruri hesab edir və onun mücadiləsinə qoşulurdu. Təsadüfi deyildi ki, ana dilinə bu qədər məhəbbətlə bağlanan və əsərlərində Azərbaycan dili xüsusi ağırlıq təşkil edən böyük hünərvər şairin bədii yaradıcılıq dili ortaq türkcənin ən ideal nümunəsi hesab edilirdi. 
    Hüseyn Cavid sovet dövründə də yazıb-yaradan şairlərdən idi. O, quru, boş, hay-küylü sosializm şüar və yaradıcılıq pafosundan kənar, özünəməxsus, inandığı ideal və ideyalar işığında ədəbi fəaliyyət göstərirdi. Onun “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” pyesləri, “Azər” poeması məhz bu dövrün məhsulu olsa da, bu əsərlərdə sosializm şüarlarından fərqli olaraq ictimai həqiqət olan sülhə, humanizmə, ədalətə inam və çağırışlar yer tuturdu. Dövrünün yalançı ideoloji kampaniyasına uymayan Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq qaldı. Repressiyanın növbəti qurbanlarından biri olsa da, Hüseyn Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat və əbədiyyət üfüqlərində bir Günəş olaraq parladı. Onun əsərləri bu gün üçün də öz müasirliyini qorumaqda, əhəmiyyətini saxlamaqdadır. 

Siyasət dahisindən ədəbiyyat nəhənginə rəğbət

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ümummilli liderimiz Heydər Əliyev vermişdir. Görkəmli dövlət xadimi Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğuluyaraq demişdir: “Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır. ...Çünki onun hər bir əsərində bir dünya var və bu barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür”. Məhz bu böyük şəxsiyyətin xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət qayğısı ilə əhatə olundu. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsi idi. Ulu öndərimizin böyük qayğıkeşliklə həyata keçirdiyi misilsiz xidmətlər içərisində Azərbaycan xalqının dahi övladı, böyük şair-dramaturq Hüseyn Cavidin əsl bəraət hüququ alması, nəşinin Uzaq Sibirdən doğma Vətəni Naxçıvana gətirilməsi, ev-muzeyinin yaradılması, türbəsinin ucaldılması, əsərlərinin böyük tirajlarla çapı və təkrar-təkrar nəşr edilməsi, təbliği və sair xüsusi əhəmiyyətilə qeyd edilməlidir. 37-ci illərin repressiya qurbanı olmuş Hüseyn Cavidə göstərilən bu qayğı vətənpərvər bir övladın böyük fədakarlıqla xalqına və millətinə göstərdiyi əvəzsiz bir xidmət nümunəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində çıxış edən zaman dediyi kimi: “...Heydər Əliyev cənablarının Azərbaycana rəhbərlik etdiyi dövrdə – 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyini keçirmək haqqında qəbul etdiyi qərar və ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirilməsi, sözün həqiqi mənasında, əsl siyasi bəraətin ifadəsinə çevrildi”. Görkəmli ədibin dövlət səviyyəsində yubileylərinin qeyd olunması, müxtəlif elmi, ədəbi-bədii tədbirlərin keçirilməsi, Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələrinin ucaldılması, xatirə muzeylərinin yaradılması, vaxtilə ədibin yaşadığı binaya xatirə lövhəsinin vurulması, yubiley medalının hazırlanması, pyeslərinin respublika teatrlarının repertuarlarına yenidən daxil edilməsi, Naxçıvanda “Cavid Poeziya Teatrı”nın yaradılması, mütəfəkkir söz ustadının əsərlərinin dörd cilddə nəşri, onun haqqında monoqrafiyaların, xatirə məcmuələrinin nəşri, həyat və yaradıcılığını əks etdirən salnamənin hazırlanaraq ədəbi ictimaiyyətə çatdırılması, seçilmiş əsərlərinin, sənət yolunu əks etdirən tanıtma kitabçasının başqa dillərə tərcümə olunaraq çap edilməsi və digər tədbirlər böyük şair-dramaturq Hüseyn Cavid şəxsiyyəti və sənətinə göstərilən yüksək dövlət qayğısı və ehtiramının ifadəsidir.
    Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ölkəmizə uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə dahi şairin yubileylərinin qeyd edilməsi də bu böyük mütəfəkkir şairə dövlət qayğısının diqqət mərkəzində olduğunun bariz göstəricisidir. “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 24 sentyabr tarixli Sərəncamı da qüdrətli sənətkarımıza göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir. Sərəncamda böyük sənətkarımızın ədəbi mövqeyi və roluna yüksək qiymət ifadə edilərək deyilir: “Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur”. Böyük şairin əsərlərinin dəfələrlə nəfis tərtibatda çap olunması, əsərlərinin teatr repertuarlarında oynanılması, yaradıcılığının latın qrafikalı əlifba əsasında nəşr edilərək bütün ölkə kitabxanalarına hədiyyə edilməsi və digər işlər dahi şairə göstərilən dövlət qayğısının bariz təcəssümü kimi də razılıq doğurur. Böyük şairin Vətəni Naxçıvan Muxtar Respublikasında da Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, ədəbi irsinin tədqiq və təbliği məsələləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən çoxsaylı tədbirlər Hüseyn Cavid sənəti və şəxsiyyətinə yüksək səviyyədə və hərtərəfli münasibətin davamı kimi razılıq doğurur. Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavidin əsərləri, xüsusilə yaradıcılığının son dövrünə aid olan ölməz “Azər” poeması gələcək nəsillərin mənəvi-vətənpərvərlik tərbiyəsində rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmişdir. 
     Böyük Azərbaycan dramaturqu, humanist ideallar şairi Hüseyn Cavid irsi həmişəyaşardır, ölməzdir və aktualdır. Onun hər bir əsəri bu günümüz üçün müasirdir və əhəmiyyətlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Onun hər bir əsərində bir dünya var”. 

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

​​​​​​​

Nəşr edilib : 02.12.2022 20:46