AZ EN RU

Naxçıvandan başlanan xilaskarlıq yolu

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı ilə deyil, əsrlər boyu bəşər tarixinə verdikləri böyük şəxsiyyətləri və qüdrətli övladları ilə ölçülür. Böyük Azərbaycan xalqı bütün dövrlərdə olduğu kimi, iyirminci əsrdə də Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yetirmişdir. Müasir dövrdə müdrik dövlət xadimi Heydər Əliyevin adı müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Müstəqil Azərbaycanın simasını müəyyənləşdirmiş bu qüdrətli şəxsiyyət xalqımızın tarixində və taleyində silinməz izlər qoymuşdur. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunu göz önünə gətirsək, bu ömrün yalnız bir məqsədə xidmət etdiyinin şahidi olarıq: bu – Azərbaycandır! Ümummilli Liderin “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə, bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”. Görkəmli dövlət xadiminin bu sözləri onun həyatının mənasını dəqiq ifadə edir. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır. Ulu Öndərimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən O, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi: “Azərbaycan mənim qibləgahımdır”. Yaxud: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. 
1969-cu il iyulun 14-də hakimiyyətə gələn dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə, xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu Öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı. Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən fəaliyyət Heydər Əliyev quruculuq xəttinin siyasi əsasını təşkil edirdi. Ümummilli Lider o illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”. 
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası idi. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Xalqımızın müdrik rəhbəri bu dövlətçilik konsepsiyasını belə dəyərləndirirdi: “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir”.    
Naxçıvan bəşər tarixinə misilsiz töhfələr vermiş, dünyanın bəzəyi –“Nəqşi-cahan” adlandırılmışdır. Azərbaycanın bu qədim diyarı tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına, qanlı döyüş meydanına çevrilsə də, ayaqda durmağı bacarmış, mövcudluğunu qoruyub saxlamışdır. Ötən əsrin sonlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası sayəsində Naxçıvan Muxtar Respublikası bütün çətinliklərə sinə gərərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 
Ulu Öndərin quruculuq xəttinin davamı sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin etmiş, Naxçıvan hərtərəfli inkişafa qovuşmuşdur. Ötən əsrin 90-cı illərində muxtar respublikanın ən böyük problemi onun təhlükəsizliyi ilə bağlı idi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, nüfuzu və naxçıvanlıların onun ətrafında sıx birləşməsi nəticəsində qədim diyarın ərazi bütövlüyü qorunub saxlanıldı. Sonrakı illərdə isə bu missiyanı güclü ordu həyata keçirməli idi. Muxtar respublikada təməli Ulu Öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ötən dövrdə daha da möhkəmləndirilmiş, ordu quruculuğu sahəsində görülən işlər yeni mərhələyə qədəm qoymuş, təhlükəsizliyin qarantı olan Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Ötən dövrdə bu ordu ən müasir silah və texnikalarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılmışdır.
Naxçıvanda milli ruhun, milli şüurun daşıyıcısı olan Azərbaycançılıq ideologiyası həmişə sədaqətlə yaşadılıb. Bu sadiqlik naxçıvanlılara həyatın bütün sahələrində uğurlar gətirib. Çətinliklərə sinə gərərək qurub-yaradıblar. Bugünkü Naxçıvan Ulu Öndərin arzuladığı Naxçıvandır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam dövlətçiliyimizin taleyüklü məsələlərinin həllini tapdığı, blokada şəraitində yaşayan Naxçıvana böyük diqqət və qayğının daha bir ifadəsidir. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”. 
Düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir. Bu inkişafın, sabitliyin və yüksək rifahın bir səbəbi var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.
Ulu Öndərimiz güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. Prezident cənab İlham Əliyev Ulu Öndərin strategiyasını uğurla davam etdirir, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirir. Ümummilli Liderimizin keçmiş sovetlər birliyinin geridə qalmış aqrar ölkəsindən ittifaq dövlətinin inkişaf etmiş respublikaları sırasına çıxartdığı Azərbaycan, bu gün regionun lider dövlətidir. 
Azərbaycan artıq dünyada sayılıb-seçilən ölkələrdən biridir. Respublikamızda beynəlxalq toplantılar, konfranslar, Avropa səviyyəli musiqi, dünya səviyyəli idman tədbirləri keçirilir. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur. Bu əzəmətli tərəqqi yoluna nəzər salarkən Heydər Əliyevin həmişəyaşarlığı bir daha aydın olur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. 
Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər Ümummilli Liderimiz Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Cəmiyyətimizin inkişafı Ulu Öndərin ideyalarına söykənir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası sabitlik, inkişaf, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə bu fikirlərlə qayıtmışdı və ömrünün sonunadək də buna sadiq qaldı. 
Dahi Öndər Heydər Əliyev yeni Azərbaycanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Onun Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!”

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi 

Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq 
müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 06.05.2024 09:40