AZ EN RU

Naxçıvandan 40 tibb bacısı Ankarada təcrübə keçəcək, Ankaradan 40 tibb bacısı isə Naxçıvan səhiyyə sistemində işə başlayacaq

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Qazi Universiteti ilə əməkdaşlığının konkret istiqamətləri, Qazi Xəstəxanası ilə mübadilə proqramının əhatə edəcəyi sahələr müəyyənləşdirilib. Belə ki, yanvar ayından etibarən tibb bacısı mübadilə proqramı başlayacaq və  ilk mərhələdə Naxçıvandan 40 tibb bacısı Ankarada təcrübə keçəcək, Ankaradan 40 tibb bacısı isə Naxçıvan səhiyyə sistemində işə başlayacaq, paralel olaraq Naxçıvanda tibb bacılarına təlim keçəcək. Həmçinin gələn ildən Ankara Qazi Universiteti ilə əməkdaşlığın həkimləri əhatə edən mərhələsi də başlayacaq. Mübadilə proqramları iştirakçıların müəyyən olunmuş vaxt bitdikdə dəyişdirilməsi prinsipi ilə 2 il ərzində fasiləsiz davam edəcək.
Bütün bunlar barədə Ankara Qazi Universitetinin professor heyətinin və Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana səfəri zamanı müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının detalları dəqiqləşdirib və konkret razılığa gəlinib.  Heyət Naxçıvan şəhərindəki xəstəxanaları ziyarət edib və Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovla görüş keçiriblər. Görüşdə Samiq Sadıxov Qazi Universitetinin dəyərli professorlarını Naxçıvanda görməkdən çox məmnun olduğunu söyləyib. Oktyabr ayında Qazi Universitetində rektor Prof. Dr. Musa Yıldızla görüşdüyünü və görüşdə əməkdaşlıq haqqında bir sıra razılıqlara gəlindiyini xatırladıb: “Naxçıvana səfəriniz sayəsində yerində araşdırmalar aparıldı və əməkdaşlığımızın əhatə edəcəyi bütün istiqamətlər müəyyənləşdi” deyə bildirib. Qazi Universitetinin rektor yardımcısı Prof. Dr. Fazlı Polat Naxçıvana səfərlərini Ankaradakı görüşlərin davamı kimi qiymətləndirib birgə işbirliyinin Naxçıvan səhiyyəsi üçün mühüm irəliləyişlərə vəsilə olacağına əmin olduğunu söyləyib.

Nəşr edilib : 07.12.2023 16:31