AZ EN RU

Naxçıvandakı taksi xidməti sərnişinləri qane edirmi?

    Ötən həftə Bakı şəhərində idim. İşim çox, zamanımsa az olduğundan gedəcəyim ünvanlara yetişməkdə çətinlik çəkirdim. Bunun üçün taksi xidmətindən istifadə etmək qərarına gəldim. Beləliklə, hər dəfə taksi lazım olduqda telefonuma yüklədiyim taksi sifarişi üçün mobil tətbiq proqramı köməyimə çatacaqdı. Həmin gün ilk üz tutacağım ünvan Bakı Sağlamlıq Mərkəzi idi. “Gənclik” metrostansiyasından Bakı Sağlamlıq Mərkəzinə getmək üçün mobil tətbiqdən taksi sifariş etdim. 

    Telefonda gediş haqqını gördükdə açığı təəccübləndim. Çünki baxmayaraq ki, getdiyim yol 2 kilometrə qədər məsafəni əhatə edirdi, mənə xidmət haqqı, sadəcə, 70 qəpik təklif olundu. Düşündüm ki, çox ehtimal ödənişdə nəsə səhvlik var. Sifarişdən bir neçə saniyə sonra taksi sürücüsü mobil telefonuma zəng edərək qeyd etdiyim ünvanın qarşısında olduğunu dedi. İlk dəfə bu xidmətdən istifadə etdiyim üçün xidmət haqqı ilə bağlı heç bir məlumatım yox idi. Mobil tətbiqin ödəniş barədə səhvlik etdiyini düşünərək sürücüdən xidmət haqqının nə qədər olduğunu yenidən öyrənmək istədim. Əlbəttə ki, mobil tətbiq səhv etməmişdi, gediş haqqı doğrudan da, 70 qəpik idi. Ondan bir gün əvvəl 2 nəfər üçün avtobusa gediş haqqını 60 qəpik ödəməklə yetişdiyim ünvana, bu gün taksi ilə 70 qəpik ödəyərək üç nəfər gedirdik. Marağımı gizlədə bilmədim. Sürücüdən “Gediş haqqının bizim üçün bu qədər sərfəli olması siz sürücüləri qane edirmi?” sualına sürücü “min bərəkət”, – deyə cavab verdi. Bu məsələ mənim bir jurnalist kimi diqqətimi çəkdi. Çünki Naxçıvanda olarkən “288” taksi xidmətinə tez-tez müraciət edirəm xüsusilə də, səhər işə gedərkən. Baxmayaraq ki, yaşadığım ünvanla çalışdığım redaksiya arasında 1 kilometr belə məsafə yoxdur, amma taksi xidməti həmin sifarişi hər zaman 2 manat məbləğində dəyərləndirir. Sürücüyə hansı tarif planı ilə çalışdıqlarının maraqlı olduğunu dedikdə “bu nə üçün sizə maraqlıdır?” sualını aldım. Təbii ki, haqlı idi. Naxçıvandan gəldiyimi, taksi xidmətlərinin təklif etdiyi ödənişlərin Bakı ilə fərqli olduğunu, müştərilər üçün sərfəli olmadığını və bir jurnalist olaraq Naxçıvana qayıdan kimi bununla bağlı bir məqalə hazırlayacağımı dedikdə “belə de, maraqlı mövzudur”, – deyə taksi sürücüsü fikrimə münasibət bildirdi. O əlavə etdi ki, burada 4 kilometr məsafəyədək gediş haqqı maksimum 2 manat dəyərində getdiyin məsafəyə görə hesablanır. Yəni əgər sənin qət etdiyin yol 4 kilometrdirsə, o zaman gediş haqqı 2 manat olacaq. Yox, əgər azdırsa, bu da gedilən məsafəyə görə hesablanacaq. Bu məsafə, məsələn, 50 qəpik də ola bilər, 1 manat da. Bu da düşünürəm ki, Bakıda taksi xidmətlərinin çox olmasından irəli gəlir. Getdiyimiz ünvan o qədər uzaq olmadığından bu haqda söhbətimiz, təəssüf ki, yarıda qaldı...
     Maraqlı idi, nə üçün Naxçıvanda 10 addımlıq məsafəyə belə xidmət haqqı 2 manatdan az hesablanmadığı halda, Bakıda gediş haqqı bu qədər sərfəli hesablanır? Baxmayaraq ki, istər Naxçıvanda, istərsə də Bakıda yanacağın qiyməti eynidir. Bu haqda taksi xidmətindən istifadə edən sərnişinlərin də fikrini öyrəndik. Bəs Naxçıvanda yeganə taksi xidməti kimi fəaliyyət göstərən “288 Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti naxçıvanlıları qane edirmi? Bu barədə Cəlal Haqverdiyev səmimi fikirlərini bizimlə bölüşdü. O dedi ki, bəlkə də, taksi xidmətinə ən çox müraciət edənlərdən biri mənəm. Hər dəfə özümə söz verirəm ki, zəhmət çəkib, lazım olan yerə marşrutla gedərəm, amma taksi sifariş etmərəm. Bu da məndə bir xasiyyətdir, hər yerə gecikdiyim üçün məcbur taksidən istifadə edirəm. Bəzən “288” nömrəsinə zəng edirəm, telefona cavab verilmir, 8 qəpik kontur gedir. Daha sonra yenidən zəng edirəm, sifarişi götürürlər, telefona neçə dəqiqə sonra bildiriş gəlir ki, filan nömrəli taksi 6 dəqiqəyə ünvana çatacaq. 6 dəqiqə olur 10 dəqiqə. Mən Bakı şəhərində olanda da taksi xidmətlərindən istifadə edirəm, taksi xidmətinə zəng edirsən, zəngini rədd edir, dərhal özü yenidən səninlə əlaqə yaradır. Sifarişi verirsən, telefonu söndürməmiş sənə artıq bildiriş gəlir, bildirişi oxuyub bitirməmiş taksi sürücüsü zəng edir ki, dediyiniz ünvandayıq. İnanın, həmin taksi xidmətlərinin sürətinə yetişmək olmur. Naxçıvanda isə nə xidmət məni qane edir, nə də gediş haqqı. 
    Bu məsələ ilə bağlı taksi sürücülərinin fikirlərini də öyrəndik. Sürücü Seymur İsmayılov dedi ki, illər öncə 34 min 400 manata taksi lisenziyalı “NAZ Lifan” avtomobili aldım. Hələ 2015-ci ildə yanacağın 60 qəpik olduğu vaxtlarda şəhər içi gediş haqqı 2 manat hesablanırdı. İndi yanacağın qiyməti baxmayaraq ki, 1 manatdır, gediş haqqı olduğu kimi, yəni 2 manat olaraq qalıb. Əvvəllər taksilər taksometr vasitəsilə işləyirdi. Taksometr isə sifarişçi taksiyə əyləşən kimi 2 manat gediş haqqı yazırdı. Daha sonra ödəniş sərnişinin getdiyi yola görə hesablanırdı. Məsələn, Uşaq Xəstəxanasından mikrorayona qədər məsafəni taksometr 4 manatdan yuxarı göstərici ilə hesablayırdı. Bu isə sərnişinlərin narazılığına səbəb olurdu. Şərnişinlərin şikayətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin qərarı ilə 2015-ci ildən taksometrlərdən istifadə etmədik. Vahid bir məbləğ ilə fəaliyyət göstərdik. Məsələn, şəhər daxilində gediş 2 manat, şəhərdən hava limanına 5 manat və sair. Ötən ildən qərar verildi ki, yenidən taksometrlər işə salınsın. Baxmayaraq ki, biz taksometr cihazı vasitəsilə fəaliyyət göstərməliyik, amma müştəri taksometrin hesabladığı gediş haqqından narazı qaldığı üçün həmin məbləği onlara təklif edə bilmirik. Sürücü deyir ki, bildiyiniz kimi, bir neçə il əvvəl Naxçıvanda “288 Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Biz sürücülər də sifariş sayımızın çoxalması üçün həmin xidmətə qoşulduq. Hazırda “288 Taksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulan yüzlərlə taksi var. Gün ərzində elə olur ki, taksi xidməti tərəfindən sürücüyə 1 sifariş belə təklif olunmur. Sifariş olduqda isə şəhər daxilində ərazilərdən olur. Əgər sürücü gün ərzində 3 sifariş qəbul edirsə, 6 manat qazancı olur, bunun da 12 faizini xidmətə ödəyir. Biz sürücülər aylıq qazancımızın 60-70 manatını vergi, sosial, icbari tibbi sığorta və avtomobilin tələb etdiyi digər xərcləri qarşılayırıq. Bildiyiniz kimi, burada taksi sürücüləri vahid forma ilə fəaliyyət göstərir. İstər geyim xərci olsun, istərsə də digər bütün xərclər hər biri sürücü tərəfindən ödənilir. Yəni Naxçıvanda taksi sürücüsünün bircə əziyyəti özünə qalır. Bu isə Naxçıvanda taksi sayının çox, əhalinin az olmasından xüsusilə də, burada hələ də taksi mədəniyyətinin formalaşmamasından irəli gəlir. 
    Formadan söz düşmüşkən onu da qeyd edim ki, Naxçıvanın isti iqlim şəraiti hər kəsə məlumdur. Bu biz sürücülər üçün həssas mövzulardan biridir. 
    Yay fəslində məcburən uzunqol köynək və qalstukda çalışmağımız da bizə çətinlik yaradır. Həm gərgin iş rejimi, həm də rahat olmayan geyim gərginliyimizi daha da artırır. Biz vahid geyim formasının əleyhinə deyilik, sadəcə, daha rahat geyimlə xidmət göstərmək istəyirik. 
    “Baxmayaraq ki, Bakı şəhərində taksi xidmətlərinin təklif etdiyi gediş haqqı buradan iki-üç dəfə aşağıdır, lakin oradakı sürücülər bundan narazı deyil. Bəs bunu nə ilə əlaqələndirirsiniz?” – sualını sürücü belə cavablandırdı: – Mən sizinlə sürücü kimi yox, bir vətəndaş kimi söhbət edirəm. Sərnişinlərin narazılıqlarını hər birimiz anlayırıq. Məsələn, 500 metr məsafəyə sərnişin Naxçıvanda 2 manat gediş haqqı ödəyirsə, Bakıda 60-70 qəpik ödəyir. Amma nəzərə alanda ki, Bakıda əhali sayı çox olduğundan sürücü sərnişini apardığı ünvanda başqa bir sifariş qəbul edir. Yəni getdiyi yolu boş qayıtmır. Bu isə, təbii ki, sürücüyə, necə deyərlər, xeyir edir. Amma burada elə deyil, sürücü getdiyi ünvandan boş qayıdır. 
    Mövzu ilə bağlı “288 Taksi” Məhdud Məsuliyyətli Cəmiyyəti xidmətinin direktoru Rasim İsmayılovla da söhbət etdik. Deyir ki, bir neçə il əvvəl Naxçıvanda 500-ə yaxın taksi fəaliyyət göstərirdi. Bu xidmət növünə olan tələbat nəzərə alınaraq elektron taksi xidməti yaradıldı. Xidmətə 300-ə yaxın taksi qoşuldu. Rabitə Nazirliyində taksi xidməti üçün quraşdırılan server sürücülər və xidmət operatorları arasında əlaqə qurmağa şərait yaradır. Sürücülər mobil telefonlarına “SKAT” proqramı yükləyərək xidmət operatoruna qoşulub sifarişlər qəbul edirlər. Həmin proqram sifariş qəbul edilən ünvandan 500 metr ərazidə yerləşən taksilərə bildiriş göndərir. Amma, təəssüf ki, bir çox sürücülər sifarişi rədd edirlər. Çünki 2 kilometr məsafəyə 2,80 manat dəyərində gediş haqqının az olduğunu və sifarişin onlar üçün faydalı olmadığını deyirlər. Bu halda müştərilərdən ünvanımıza gecikmə ilə bağlı şikayətlər daxil olur. Sizin kimi digər vətəndaşlar da ölkədə fəaliyyət göstərən taksi xidmətləri sərnişinlərə “288 Taksi” xidmətindən daha münasib gediş haqqı təklif etdiyini düşünür. Düzdür, bu, danılmazdır. Amma onu da nəzərə almaq lazımdır ki, Naxçıvanda fəaliyyət göstərən sürücülər sərnişinlərə daha sərfəli gediş haqqının təklif olunması ilə razılaşmır. Bunun üçün də sürücülərin də fikrini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən də təsdiq edilən Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin Qərarına əsasən tarif qiyməti tətbiq edilir. “SKAT” proqramı vasitəsilə sifarişin dəyəri həmin tarif qiymətinə əsasən avtomatik hesablanır və həmin proqram tariflərin rahat tənzimlənməsi işini də həyata keçirir. Proqram 2 kilometrə qədər məsafəni 2,80 manat, 2 kilometrdən 7 kilometrədək məsafəni isə hər kilometr üçün 0,41 manatdan hesablayır. Məsafə artdıqca hər kilometr üçün gediş haqqı aşağı məbləğlə hesablanır. 
    Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru onu da bildirdi ki, Naxçıvanda yalnız bir taksi xidməti fəaliyyət göstərdiyi üçün burada rəqabət yoxdur. Bu halda sürücülər düşünürlər ki, həm xidmət, həm də sərnişinlər onlardan asılıdır və bəzən də bunu açıq-aydın dilə gətirirlər. Ona görə də elə hallar olur ki, xidmətin dediyi məbləği nəzərə almadan müştərilərə qiymət oxuyurlar. Bu halda xidmət operatorlarına müştərilər tərəfindən şikayətlər daxil olur. Belə olduğu halda Dövlət Nəqliyyat Xidməti tərəfindən sürücülər haqqında lazımi tədbirlər görülür. 
    Bir jurnalist olaraq çalışdıq ki, sərnişinlərin narazılığına səbəb olan taksi xidməti və onları qane etməyən gediş haqları barədə mövzuya elə xidmət əməkdaşları tərəfindən açıqlama gətirək. Amma gəldiyimiz qənaət odur ki, bu sahədə olan problem nə xidmətin, nə də taksi sürücülərinin günahıdır. Çünki azad bazar iqtisadiyyatının əsas tələblərindən biri istehsal və xidmət sahələrində rəqabət mühitinin yaradılmasıdır. Çox, təəssüf ki, taksi xidmətinin fəaliyyəti xidmət sektoru olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında bu sahə üzrə rəqabət mühiti yaradılmayıb. Bunun isə real və təbii səbəbləri var. Əsas səbəblərdən birincisi vaxtilə kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətinə, yeni iş yerlərinin açılmasına süni maneələrin yaradılması hesabına naxçıvanlıların iş üçün daha böyük şəhərlərə üz tutması və beləliklə də, Naxçıvanda əhali sayının azalmasıdır. Ümidvarıq ki, muxtar respublikamızda son dövrlərdə müşahidə etdiyimiz canlanma yeni iş yerlərinin açılmasına və naxçıvanlıların artıq kənarda deyil, öz doğma diyarında işlə təmin olunmasına gətirib çıxaracaq. Hər kəsə məlumdur ki, əhalinin sıx yaşadığı yerlərdə fəaliyyət göstərən xidmət sektorları da rəqabətə meyilli olur. Rəqabət olan yerdə isə inkişaf və rifah olur. İnanırıq ki, xidmət sektorlarında həll olunmayan problemlər tezliklə öz həllini tapacaq, bütün xidmət sahələrində olduğu kimi, taksi xidmətində də bazar iqtisadiyyatının əsas tələbi olan sağlam rəqabət mühiti formalaşacaq, bu isə insanların belə xidmətlərə daha çox üz tutaraq razılıqla istifadə etməsinə gətirib çıxaracaq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 26.01.2023 19:50