AZ EN RU

Naxçıvandakı sahibsiz itlərlə bağlı “Şərq qapısı”nın ictimailəşdirdiyi problemi deputat da dilə gətirdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında bir çox cari məsələlər müzakirəyə çıxarılıb. Bu məsələlər içərisində diqqətçəkən təkliflərdən biri də Ali Məclisin Sosial Siyasət Komitəsinin sədri Yeganə Məmmədovanın sahibsiz itlərlə bağlı təklifi olmuşdur. Deputat bununla bağlı fikirlərini “Şərq qapısı” qəzeti ilə də bölüşüb:

 – Ali Məclisin bugünkü sessiyasındakı çıxışımda bir neçə məsələnin həlli ilə bağlı fikirlər səsləndirdim. Onlardan biri də sahibsiz itlərlə bağlı idi. Deputat olduğum 9 kənd dağlıq ərazidə yerləşir. Başqa kəndlərdən də sahibsiz itləri də  gətirib bu kəndlərə ötürürlər. İş o yerə çatıb ki, insanlar axşam yox, hətta gündüz belə çölə tək çıxmağa ehtiyat edirlər. Dəfələrlə it tutması ilə xəstəxanaya müraciətlər olub. Mən sizlərə adlarını da çəkə bilərəm. Məsələn Şərur rayonunun Şahbulaq kəndində Bağırova Zərnişan Əli qızını it  o vəziyyətə qoymuşdu ki, 6 aydan artıq xəstə yatdı. Aşağı Yaycı kəndində  məktəbin həyətində Əliyev Rəşad Ağa oğlunun qolundan, Babayeva Validə Cəlil qızının  və Nadirova Gülüş Muxtar qızını ayağından tutmuşdur. Validə Babayevanın ayağı bu gün də yaxşı vəziyyətdə deyil. Bu itlər insanlara hücum etməklə yanaşı, təsərrüfatlarda toyuq-cücə də qoymayıblar.

Komitə sədri belə sahibsiz itlərə muxtar respublikanın digər bölgələrində də rast gəlindiyini bildirmiş və problemin həlli ilə bağlı itlərin qısırlaşdırılmasını, sahibsiz itlər üçün saxlanma yerləri – barınakların hazırlanmasını və zərərverən itlərin aidiyyəti qurumlar tərəfindən zərərsizləşdirilməsini təklif etmişdir.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Şərq qapısı” qəzeti də sahibsiz itlərlə bağlı problemi ictimailəşdirmiş, hətta Babək rayonunda evlərə sürü halında hücum edən itlərin videosunu yayımlamışdır.

 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 04.04.2024 15:58