AZ EN RU

Naxçıvandakı əczaxanalarda eyni adda dərman vasitələri niyə fərqli qiymətlərə satılır

Sağlamlıq Tanrının insan övladına verdiyi ən əziz nemətdir. İnsan həyatının müəyyən dönəmlərində, yaş ötdükcə müxtəlif xəstəliklərə düçar olur, mövsümi xəstəliklərə tutulur. Bu zaman həkimlər və dərmanlar çatır hər kəsin köməyinə. Amma görək həkimin yazdığı  reseptdəki dərmanları asanlıqla əldə edə bilirikmi? Gəlin görək bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda vəziyyət necədir? Evdəki hesab əczaxanalara uyğun gəlirmi?

Araşdıranda görürük ki, tərkibi və göstəriciləri eyni olsa da, qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur. Həkim xəstəyə resept yazır, bundan sonra xəstə  bir neçə əczaxanaya üz tutur ki, ucuz qiymətə satılan aptekdən ona lazım olan dərmanı ala bilsin. Bu da alıcıların həm vaxtını aparır, həm də əsəblərinin gərginləşməsinə səbəb olur. Çünki iki gün öncə küçənin sağ tərəfindəki əczaxanadan 3 manata aldığı  dərman vasitəsini  iki gün sonra həmin ünvanın sol tərəfindəki əczaxanadan 5 manata almaq məcburiyyətində qalır. Xəstəliklər mövsümi olsa, bunu birtəhər ötüşdürmək olar. Axı elə insanlar var ki, onlar ömürboyu daşıyacaqları xəstəliklə yaşayırlar. Hər gün qəbul etdikləri dərman vasitələrinin bir qismi dövlət tərəfindən verilsə də, bir çox lazımi preparatları satın almalı olur. Nə isə, söhbəti çox uzatmayaq, keçək əsas məsələyə.   Naxçıvan şəhərində yerləşən aptekləri bir-bir gəzir, dərmanların qiymətini öyrənirik. Eyni adda dərman vasitəsinin fərqli qiymətlərə satıldığına şahid oluruq. “Niyə belədir”, – deyəndə isə hərə bir  bəhanə gətirir. Çoxunun  Azərbaycan Respublikasının Tarif Şurasının 5 dekabr 2023-cü il Qərarından xəbəri yoxdu, kimi firma fərqi var deyir, kimisi də sualımızı cavabsız qoyur...

 Belə olan halda xəstə nə etməlidir? Həkim yazdığı dərmanı ya pulu müqabilində bir-bir, ya da hərdən 5 manat tapıb gəlib dərman alıb getsin? Dərd bununla da bitmir. Muxtar respublikanın ucqar dağ kəndindən gələn sakin, şəhərdə yaşayan sakin kimi hansı əczaxanada dərman  ucuzdur, – deyə xəbər ala bilmir. Bir də çox gözəl adları var əczaxanaların. Küçədən əczaxananın adını oxuyan  insan bütün dərmanların ucuz qiymətə olduğunu düşünüb içəri daxil olur. Lakin əczaxanadan çıxdıqdan sonra lap oxşayırsan “Pirverdinin xoruzu”na. Yaşamaq həvəsin də ölür, həyatın mənasını da itirirsən. Əlimizə aldığımız reseptlə Naxçıvan şəhərində fəaliyyət göstərən  bir çox əczaxananı gəzib dərman alanda, əsasən də, uşaq üçün olan dərmanların qiymət fərqini gördük. “Yaşam”, “Həyat” və bir neçə əczaxanada tarif şurasının təsdiq etdiyi dərman qiymətlərindən iki qat yuxarı satıldığına şahid olduq. İnsafən tarif şurasının qərarına əməl edən  apteklər  də var. Bu məqamda bir sual düşündürür insanı: Kimdir səbəbkar? Naxçıvanda dərman bazarına nəzarət niyə yoxdur?

 İnanıram ki, oxucular da bizimlə həmfikir olacaq bu mövzuda, sualların cavabı onlara da maraqlı olacaq.  Həmfikir olmayanlar isə bu  atalar sözünü xatırlaya bilər: “Min eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 05.03.2024 12:20