AZ EN RU

Naxçıvanda Zəfər Günü böyük coşqu ilə qeyd edilib

Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə “Milli qürur günümüz” adlı konsert proqramı və möhtəşəm atəşfəşanlıq keçirilib. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, muxtar respublika sakinləri, eləcə də qədim diyarımızın qonaqları konsertə baxıblar. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konsert başlamadan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin təqdimatında vətənpərvər ruhlu əsərlər səsləndirilib. Qələbə ovqatı və  ruh yüksəkliyi ilə təqdim edilən mahnılar tamaşçıların alqışları ilə müşayiət olunub.
Səlahiyyətli nümayəndə konsertdə iştirak edən uşaqlarla xatirə fotosu çəkdirib. 
Konsertdə Xankəndi şəhərində  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddan görüntülər təqdim edilib.
Sonda gerçəkləşən möhtəşəm atəşfəşanlıq minlərlə muxtar respublika sakini tərəfindən maraqla izlənilib.

Nəşr edilib : 08.11.2023 22:59