AZ EN RU

Naxçıvanda yerli resurslardan iqtisadi inkişafda səmərəli istifadəyə dair müzakirə aparılıb

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərləri və aidiyyəti şöbələrinin birgə iştirakı ilə keçirilən görüşdə sənayedə istifadəsi perspektivli hesab olunan təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi məsələləri müzakirə olunub.
    Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev sənayedə istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, təbii resursların sənayenin müxtəlif sahələrinin, o cümlədən metallurgiya, tikinti, kimya, qida və digər sahələrin inkişafında rolunu xüsusi vurğulayıb. Nazir bildirib ki, dağ-mədən sənayesi inkişaf etdiriləcək, yeni layihələr hazırlanaraq sahibkarlara təqdim ediləcək, özəl sektorun iştirakı ilə son məhsulun istehsalına qədər texnoloji zəncir qurulacaq, bu sahənin ixrac potensialı genişləndiriləcək.  
    Naxçıvan Muxtar Respublikası nın ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bildirib ki, indiyədək aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində muxtar respublikada öyrənilmiş müxtəlif növ filiz, qeyri-filiz faydalı qazıntı və tikinti-inşaat materialları yataqlarından səmərəli şəkildə istifadə olunması iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında mühüm rol oynayacaq.
    Bununla yanaşı, dövlət balansında qeydiyyata alınmış qeyri-filiz faydalı qazıntı ehtiyatları olan seolit, gips, gəc, keramika xammalı, dolomit, gil, travertin, soda üçün əhəngdaşı xammalı, eləcə də şüşə xammalının sənayenin müxtəlif sahələrində istifadəsinə geniş imkanın olduğu müzakirə edilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.04.2023 21:23