AZ EN RU

Naxçıvanda yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

Ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ölkə rəhbərinin meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi önəm verməsidir. Bununla da dövlətin vahid su siyasətinin həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində agentlik qarşısında tələb qoyulub. Agentliyin əsas prioritet istiqamətləri və hədəfləri  əhalinin ümumdünya səhiyyə normalarına uyğun  içməli su tələbatının ödənilməsini və kənd təsərrüfatı təyinatlı torpaqları suvarma suyu ilə təmin etməkdir. Bu sahədə artıq layihələndirmə işləri həyata keçirilir. Bu işlərin icrası üçün agentlik struktur dəyişiklikləri aparır, öz fəaliyyətini yenidən formalaşdırır. 
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı,  sədr müavini Malik Rzayev söyləyib.
O bildirib ki, yaradılan yeni agentliyin məqsədləri, fəaliyyət istiqamətləri sırasında  su təsərrüfatı sisteminin əsas hissəsi olan meliorasiya və irriqasiya sahəsində ciddi dəyişikliklər etmək üçün inkişaf etmiş dünya dövlətlərinin təcrübəsində istifadə olunan müasir metodları tətbiq etməkdir. Bununla bağlı Tədbirlər Planında bir neçə layihə nəzərdə tutulub. Onlara torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün qapalı drenaj sistemlərinin qurulması, hidrotexniki qurğuların işlərinin optimallaşdırılması üçün GİS sisteminin yaradılması və müasir tipli hidropostların quraşdırılması aiddir.   

Nail ƏSGƏROV

Nəşr edilib : 13.06.2024 10:53