AZ EN RU

Naxçıvanda yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqinə dair təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Buta Global Enerji-Tekstil” şirkəti  tərəfindən nazirliyin və Naxçıvan Muxtar Respublikasının Radio-Televiziya Ötürücü Mərkəzinin aidiyyəti əməkdaşlarına yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqinə  dair  təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov bildirib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində irihəcmli layihələr həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır.        

                      

Vurğulanıb ki, nazirlik tərəfindən kadr hazırlığı da  prioritet olmaqla, işçilərin aidiyyəti sahələr üzrə qüvvədə olan qanunvericilik aktlarının,  müasir standartlara cavab verən yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, şəbəkə inzibatçılığı, proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, serverlər, məlumat bazaları, məftilli və fiber-optik xətt sahəsində zəruri biliklərə yiyələnmələri məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Yeni alınmış avadanlıqların istifadəsi üçün keçirilən təlim də bu qəbildəndir.

Buta Global Enerji-Tekstil” şirkətinin radioölçmələr üzrə mütəxəssisi Ramazan Əliyev tərəfindən “Rohde & Schwarz Spectrum” analizator avadanlığının texniki göstəriciləri barədə ətraflı məlumat verilərək bildirilib ki, avadanlıq vasitəsilə  spektr analizi, o cümlədən muxtar respublika ərazisində televiziya və radio proqramların yayım vəziyyətinin yoxlanılması, TV və FM vericilərinin əhatə dairəsinin təyin edilməsi,  radiotezlik nominallarının (zolaqlarının) verilmiş icazə əsasında istifadəsinə dövri olaraq nəzarət edilməsi, interferensiya mənbəyinin, yəni maneə təsiri yaradan amillərin müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlərin  görülməsi, siqnalın əhatə dairəsinin təyin edilməsi, eləcə də sərhədyanı ərazilərdən qəbul edilən və  GSM, UMTS və LTE mobil rabitə siqnallarının radiomonitorinqi aparılır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər  radiotezlik spektrinin qorunması və səmərəli istifadəsinə öz töhfəsini verəcəkdir.   

Təlimdə həmçinin, “Argus 156 tester” markalı avadanlıqlardan istifadə qaydaları və xüsusiyyətləri barədə də iştirakçılara məlumat verilib.

Bildirilib ki, “Argus 156 tester” markalı avadanlıqlar ölçmə və nəzarət sahəsində qabaqcıl yeni nəsil informasiya texnologiyalarını özündə əks etdirməklə çoxfunksiyalı siqnalölçmə imkanına malikdir ki, bu da öz növbəsində telekommunikasiya şəbəkələrində internet xidmətlərinin keyfiyyətinin ölçülməsini həyata keçirir və  internet verilişində olan qırılmaları müəyyənləşdirir. Mütəxəssis tərəfindən həmçinin, abonentin ünvanına daxil olan internetin gücünün və surətinin ölçülməsi və görüləcək digər  texniki tədbirlər  barədə iştirakçılara ətraflı məlumat verilib.

 Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.02.2022 21:54