AZ EN RU

Naxçıvanda yeni ictimai birlik fəaliyyətə başlayıb

Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə demişdir:  “Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır.  Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir.” 

“Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” ictimai birliyinin təsis edilməsi təşəbbüsü 2023-cü il iyunun 13-də ilk dəfə olaraq Azərbaycan Respublikasının Naxçıvandakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin gənclərlə görüşündə müzakirə edilib, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri, həmin institutun doktorantı, ictimai fəal könüllü Məmmədova Aygül Eynulla qızı və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, Naxçıvan Dövlət Universitetinin doktorantı, təlimçi, ictimai fəal könüllü Kərimova Aytən Elxan qızı tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və Azərbaycan   Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamları rəhbər tutularaq təsis edilmişdir. Birliyin təsis edilməsində əsas məqsəd mütəxəssislərlə birlikdə mövcud problemlərin nəzərdən keçirilərək imkanlar daxilində ekoloji təhlükəsizliyin və ekoloji tarazlığın təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyətlər nəticəsində dəyə biləcək zərərlərin qarşısının alınması üçün təkliflər verilməsi, çirklənmiş torpaqların bərpası və münbitliyinin artırılması, təbiətdən daha səmərəli istifadənin təşkili-yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, təbii ehtiyatlardan səmərəli istifadə və onların mühafizəsi,  bioloji müxtəlifliyin, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsi, habelə fəaliyyət istiqamətlərinin tədqiqi və təkmilləşdirilməsi üzrə aidiyyəti qurumlarla fəaliyyətin əlaqələndirilməsi və birgə zəruri tədbirlərin görülməsi, innovativ fəaliyyətin dəstəklənməsi və digər cari məsələlərin həlli yollarının axtarıb tapılmasında könüllü dəstələrin iştirakı ilə  müxtəlif vasitələrlə dəstək verilməsindən ibarətdir. 

Birliyin fəaliyyəti muxtar respublikada fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda bu sahədə fəaliyyət göstərən digər qurumların işinə olduqca müsbət təsir göstərəcək. Birliyin qurucuları Ulu Öndər Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” sözünü şüar edərək daha əvvəl də ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar maarifləndirmə tədbirləri, təbiətdə müxtəlif ekskursiyalar təşkil edib, ətraf mühitin mühafizəsini daim diqqət mərkəzində saxlamışlar.

Qeyd etmək lazımdır ki, birliyin həmtəsisçisi Aytən Kərimova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olmuş, ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi ilə əlaqədar “Gələcək üçün əl-ələ!” layihəsini Kəngərli rayonunun 4 məktəbində həyata keçirmişdir. Digər həmtəsisçi Aygül Məmmədova yaxın gələcəkdə Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının “Ekologiya klubu”nun fəaliyyətlərində ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirmiş, eyni zamanda birliyin idarə heyətinin üzvü Röya Məmmədovanın Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “İdeyanı reallaşdır 2023” müsabiqəsində qalib olduğu “KönüllüSən” layihəsinin təşkilatçı kordinatoru fəaliyyətini icra edəcək.

İctimai birliyin təşəbbüsü ilə 2024-cü ilin mart ayından başlayaraq kiçik layihələr icra olunur, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr həyata keçirilir, gələcək dövr üçün torpaq və iqlim şəraitinə uyğun yeni əməkdaşlıqlar çərçivəsində kreativ, kütləvi layihələrin, müsabiqələrin təşkili, tullantıların geridönüşümü, iştiağacların əkilməsi və s başqa əhəmiyyətli layihələr planlaşdırılır.

Nəşr edilib : 26.04.2024 14:11