AZ EN RU

Naxçıvanda yeni fəaliyyət göstərən qızlar yataqxanasında hər cür şərait mövcuddur

    Naxçıvan şəhərində bu ilin sentyabr ayından etibarən “Marka Metal Əritmə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müasir standartlara cavab verən qızlar yataqxanası tələbələrin ixtiyarına verilib. 

    “Marka Ladies Dormitory” adı ilə fəaliyyətə başlayan yataqxanada olduq, oranın şəraiti ilə yaxından maraqlandıq. Yataqxananın müdiri Firuzə Sadiqova bizi məlumatlandıraraq bildirdi ki, mansar ilə birlikdə 7 mərtəbədən ibarət yataqxananın birinci mərtəbəsində qeydiyyat bölməsi, inzibati otaq və kafe fəaliyyət göstərir. Yataqxana binası 182 nəfər tələbə üçün nəzərdə tutulub, hazırda 81 qız tələbə qeydiyyatdan keçib. Yataqxanada tələbələrin hər bir şəraitlə təmin olunması üçün bütün detallar nəzərə alınıb. Ümumi sahəsi 3850 kvadratmetr olan yataqxanada yataq və yataq dəsti, yazı masası və stulu, şəxsi əşyaların yığılması üçün dolab, televizor və internet, mərkəzləşdirilmiş istilik sistemi, kondisioner, tələbə yeməkxanası, otaqlarda hamam və sanitar qovşağı, tibb otağı, 3 ədəd lift, camaşırxana yerləşir. Burada yerli və xarici tələbələr qalır və 4 nəfərlik 7, 3 nəfərlik 20, 2 nəfərlik 47 olmaqla, ümumilikdə, 74 otaq vardır. Binaya giriş və çıxış kart sistemi vasitəsilə həyata keçirilir. Yataqxananın birinci mərtəbəsində ayrıca bölmədə “Osmanlı sofrası” restoranı fəaliyyət göstərir. Həmçinin istirahət üçün həyətyanı sahəsi olan yataqxanada havalandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva qeyd etdi ki, Naxçıvanda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti əhalinin həyat səviyyəsinin yüksəlməsinə və yeni xidmət növlərinin fəaliyyət göstərməsinə şərait yaradır. Bu sahədə xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2 layihənin maliyyələşdirilməsinə 215 min manat vəsait ayrılıb. Yataqxananın yaradılması üçün 1 milyon manat vəsait sərf olunub ki, bunun 800 min manatı sahibkarın şəxsi vəsaiti, 200 min manatı isə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit vəsaitidir.
     Yataqxanada qalan Türkiyə və İran vətəndaşı olan xanımlarla həmsöhbət olduq. Nazlı Yürek İstanbul şəhərindən gəldiyini və Naxçıvan Dövlət Universitetində təhsil aldığını dedi. Yataqxanadan razılığını bildirən Nazlı bunları qeyd etdi: – Naxçıvana gələndə “Marka” qızlar yataqxanasının adını eşitdim. Bir az araşdırma etdim. Bura təhlükəsizlik, təmizlik, eyni zamanda keyfiyyət baxımından fərqlənirdi. Artıq üç aydır, buradayam. Yataqxanada çalışanlarla və digər qızlarla bir ailə kimi olmuşuq. Onlar həyatımızda olan çətinliklərdə bizim yanımızdadırlar. Bura mənim ikinci evim oldu. Burada vaxtımızı səmərəli etmək üçün bir çox fəaliyyətlər təşkil olunur. Bizimlə maraqlanan, sevgi göstərən yataqxana əməkdaşlarına təşəkkür edirəm. 

    İnci Doğan “Naxçıvan” Universitetində Hüquq üzrə hazırlıq qrupundadır. Türkiyənin Adana şəhərindən gəlib: – Naxçıvanda təhsil almağı ailə üzvlərimdən biri məsləhət gördü. Azərbaycanı çox sevirik. Naxçıvana da tez isindik. Yataqxanada birinci ilimdir. İlk dəfə gəldiyimdə ailəm qalmaq üçün çox yer axtardı. Bizə geniş imkanlar təklif edən bu yataqxananı tapdıq. Təhsilimi bitirənə qədər burada qalmağı düşünürəm. 
    Zəhra Həsənpuri İran vətəndaşıdır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin stamatologiya ixtisasında  oxuyur. Uşaqlıqdan həkim olmaq arzusu olduğunu bildirir: – Naxçıvanı seçməkdə məqsədim bizə çox yaxındır, təhlükəsizdir, dil cəhətdən rahatdır. Mən də ilk gəldiyimdə yataqxana problemi ilə üzləşdim. Lakin hər cür şəraitlə təmin olunmuş “Marka Ladies Dormitory” yataqxanası mənim üçün çox yaxşıdır. Burada rahatıq, dərslərimizə yaxşı hazırlaşa bilirik, müxtəlif fəaliyyət növləri vaxtımızı əyləncəli edir. Burada tibb otağı fəaliyyət göstərir ki, bu da sağlamlığımızın qorunmasında bizə kömək olur.
    Yataqxananı gəzdik. Bəli, burada qalan qızların da dediyi kimi çox rahat, müasir yataqxanadır. Bu ildən fəaliyyət göstərən qızlar yataqxanasının fəaliyyətinə uğurlar arzu edirik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 06.12.2023 17:22