AZ EN RU

Naxçıvanda “Yaşıl məktəb” layihəsinə start verilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə başlanılıb.

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən layihənin açılış tədbirində Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və ekologiya və təbii sərvətlər naziri vəzifələrinin icraçısı, nazir müavini Xanlar Mustafayev çıxış ediblər. Nazir müavinləri dövlət başçısının Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, bu sahədə görüləcək işləri diqqətə çatdırıblar. 

Tədbirdə Naxçıvan şəhər  uşaq bağçalarının balaca fidanlarının hazırladıqları kompozisiya  və məktəb şagirdlərinin “Yaşıl məktəb” layihəsi ilə bağlı hazırladıqları flaşmoba baxış olub. Sonra 17 nömrtəli tam orta məktəbin həyətində şagirdlərin, məktəbin pedaqoji heyətinin, valideynlər və  ekologiya könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində bu gün Naxçıvan şəhər məktəblərində 1100 meyvə və dekorativ tinglər əkilib. Növbəti günlərdə muxtar respublikanın digər məktəblərində də ağacəkmə aksiyası davam etdiriləcək. Aksiyalar könüllü olaraq təhsil müəssisələrinin kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. Dekabrın sonunadək davam edəcək “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.03.2024 18:46