AZ EN RU

Naxçıvanda yaşayan şəhid ailələrinin Şuşaya səfəri başa çatıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvanda yaşayan şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, səfərdə Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən, böyük şücaət və qəhrəmanlıq göstərərək tarixi qələbənin qazanılmasına öz töhfələrini verən və orada şəhidlik zirvəsinə ucalan 16 şəhid ailəsinin 27 üzvü iştirak edib.
Səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Yuxarı Alaxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər. Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar. Şəhid ailələrinin üzvləri həmin gün Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.
Səfərin ikinci günündə Naxçıvanda yaşayan şəhid ailələrinin üzvləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları, şəhər polis rəisi, prokuroru, təhlükəsizlik xidmətinin rəisi ilə də görüşüblər.
Sonra Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.
Səfər çərçivəsində həmçinin şəhid ailələrinin üzvləri Laçına da gedib.
İşğaldan azad olunmuş tarixi torpaqlarımıza səfərin məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların ailələrinə dövlət  qayğısının daimi olacağını bir daha hiss etdirməkdir.
Səfər müddətində şəhidlərin valideynləri qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
Qeyd edək ki, səfərdən öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər.

Nəşr edilib : 29.03.2024 22:21