AZ EN RU

Naxçıvanda yaşayan 2700 ailəyə ərzaq yardımı edilib

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan Muxtar Respublikasına gəlib.
    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq konfederasiya tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvanda yaşayan şəhid və qazi ailələrinə, sağlamlıq imkanları məhdud və aztəminatlı 2700 ailəyə ərzaq yardımı edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı ailələr üçün verilən bağlamalar müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.
   Sovqatlardan ibarət 6 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb. 
   Səttar Möhbalıyev açıqlamasında bildirib ki, 2022-ci ildən bu günədək 75 min ailəyə ərzaq yardımı göstərilib, 100 mindən çox insana maliyyə yardımı göstərilir. Şəhidlərin övladı 18 yaşına çatanadək həmkarlar ittifaqları şurası tərəfindən himayəyə götürülüb və onlara hər ay pul yardımı göstərilir. Əgər uşaqlar universitetə qəbul olacaqsa, bu yardım davam etdiriləcək. Naxçıvanda Aprel döyüşlərindən bu günədək nə qədər şəhid övladı varsa, hamısı konfederasiya tərəfindən himayəyə götürülüb. AHİK “Yaşat” Fonduna qazilərin həm ölkədə, həm də xaricdə müalicəsi üçün milyonlarla vəsait köçürüb. Bundan əlavə, Qarabağ Dirçəliş Fonduna 1 milyon 800 min manatdan artıq vəsait köçürmüşük. Bundan başqa, Naxçıvanda şəhid ailələrinin özünüməşğulluq təminatı ilə bağlı 500 min manat vəsait ödəmişik. Əlavə 500 min manat dəyərində Naxçıvandan olan bir sıra sakinlərin sanatoriyalarda göndərişini təmin etmişik. Kiçik və orta sahibkarlığın inkişafı fonduna da 300 min manat vəsait ayırmışıq. Kimlər bizə müraciət edirsə, çalışırıq ki, onların müraciətlərini yerinə yetirək. Bu, növbəti aksiyadır, bu, bütün bayramlarda Bakıda və Naxçıvanda aztəminatlı ailələrə yardımlar edəcəyik, onların yanında olacağıq. 2022-ci ildən bu günədək Naxçıvanda 7 mindən artıq vətəndaşa ərzaq yardımı göstərilib. Bakıdan Naxçıvana maliyyə yardımları milyonlarla gəlir. “Ölkəmizi tanıyaq” layihəsinin bütün maddi təminatını da həmkarlar ittifaqları konfederasiyası edib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.05.2023 12:09