AZ EN RU

Naxçıvanda “Yaşa Azərbaycan!” adlı konsert keçiriləcək

“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə yanvarın 10-da Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında “Yaşa Azərbaycan!” adlı konsert keçiriləcək. 

Birliyin sədr müavini, Vətən müharibəsi qazisi Əli Əlisoydan aldığımız məlumata görə, konsertdə vətənpərvərlik ruhunda ifa etdikləri mahnılarla tanınan Nurlan Ordubadlı və Elvin Nasirin ifasında mahnılar səslənəcək. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəqs qrupları da konsertə rəngarənglik qatacaq. Tədbirdə iştirak etmək istəyənlər biletləri Gənclik Mərkəzindən və birliyin ofisindən əldə edə bilərlər. 

Qeyd edək ki, konsertdən toplanan vəsait “Naxçıvan Qaziləri” İctimai Birliyinin hesabına köçürüləcək.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 05.01.2024 12:03