AZ EN RU

Naxçıvanda “Yaradıcı müzakirələr” layihəsi ilə bağlı təlimlər başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda “Yaradıcı həftə” çərçivəsində “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçirilir.
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə çıxış edən “Yaradıcı müzakirələr” layihəsinin koordinatoru Vüsal Süleymanlı, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev bildiriblər ki, 10 yaradıcı klaster üzrə ölkəmizin  tanınmış simalarının bilik və təcrübələrini bölüşməsi bütün iştirakçılar üçün əhəmiyyətlidir.
 İki gün davam edəcək layihə  paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib. 
Təlimin ilk günündə aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Yaradıcı kinematoqrafiya: Ssenaridən ekrana”, “Azərxalça” ASC-nin kreativ direktoru, “Asmart Creative Hub” Mərkəzinin təsisçisi Əsmər Babayeva “Sərvət ipləri: biznes olaraq xalçaçılıq”, Mikro MMC-nin təsisçisi və direktoru, reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlir gətirən musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça vuruşları: təsviri sənət biznesi”, Azərbaycan Animasiya Assosiasiyasının İdarə Heyətinin sədri, Animafilmin direktoru, rejissor və ssenarist Rəşid Ağamalıyev “Mənfəət üçün canlandırma: animasiya sənəti və ticarəti” mövzusunda təlim keçib.
Tədbirlər yaradıcı sənayelərin kino, animasiya, musiqi, teatr, təsviri və tətbiqi sənət, kulinariya, foto klasterləri üzrə mövzuları əhatə edir.
Qeyd edək ki, layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.
 

Nəşr edilib : 04.12.2023 18:16