AZ EN RU

Naxçıvanda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş sərgi açılıb

Əvvəlcə Xocalı qurbanları və Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sərgini giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq bildirib ki, ermənilər daim işğalçılıq arzuları ilə yaşayan bir xalq kimi XX əsrin sonlarında Xocalı soyqırımını törədiblər. Məkrli düşmən əliyalın, dinc insanlara qarşı xüsusi amansızlıqla dəhşətli cinayətlərə yol açdı.  Çox təəssüf ki, dünya ictimaiyyəti xalqımıza qarşı törədilmiş bu cinayətə ədalətsiz yanaşaraq susdu.

Qeyd olunub ki, artıq biz Xocalı qurbanlarının xatirəsini 32 il sonra alınmış qisasımızla yad edirik. Xocalı şəhəri 19 sentyabr 2023-cü ildə rəşadətli ordumuzun apardığı lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmən tapdağından tamamilə azad edildi. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, Naxçıvan Dövlət Rəsm Qalareyasının direktoru Hökümə Məmmədli və Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova çıxış edərək Xocalı soyqırımı qurbanlarının qisasının Vətən müharibəsində qazandığımız Zəfərlə alındığını bildiriblər.  

Qeyd edək ki, sərgidə 15 rəssamın boyakarlıq üslubunda çəkdiyi 31 əsəri nümayiş olunur.

                                                                     Aidə İBRAHİMOVA

Nəşr edilib : 20.02.2024 18:22