AZ EN RU

Naxçıvanda xeyriyyə konserti təşkil olunub

Yanvarın 10-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan qaziləri” İctimai Birliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, hökumət və dövlət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şəhid ailələri, qazilər, müharibə veteranları ilə bu cür görüşlərin qürurverici olduğunu və xoş təsir bağışladığını bildirib.

Vurğulayıb ki, xalqımız tarixinin ən şanlı dövrünü yaşayır. 2020-ci ildə Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində bizə şanlı qələbə qazandıran ordumuzun ötən il apardığı bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu, Qarabağ problemi öz həllini tapdı.

Fuad Nəcəfli bildirib ki, bu gün Azərbaycan xalqı Heydər Əliyev ideyalarının ətrafında sıx birləşmiş vəziyyətdədir. Bu gün çox qürurluyuq ki, ordumuz ümummilli liderimizin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük zəfər qazandı. Bu gün Xankəndidə sosial-mədəni tədbirlər keçirilir. Bu il prezident seçkiləri işğaldan azad olunmuş əzəli yurd yerlərimizdə də təşkil olunacaq.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən muxtar respublikada mühüm layihələrin icra olunduğunu diqqətə çatdıran Fuad Nəcəfli deyib ki, ötən il 11 prioritet istiqaməti əhatə edən layihələrin texniki-iqtisadi əsaslandırılması aparılıb və bunun üçün 50 milyon manata yaxın vəsait sərf olunub. Tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə layihələndirmə işləri yekunlaşdırılıb. Bu ildən başlayaraq artıq layihələrin konkret icrası təmin olunacaq. Xüsusilə dövlət başçımız tərəfindən “Yaşıl dünya naminə həmrəylik” ili elan olunan 2024-cü ildə Naxçıvanda ölkəmizin və dünyanın ən iri şirkətləri tərəfindən yaşıl enerji layihələri icra olunacaq, yeni elektrik stansiyaları, santrallar, müasir suvarma sistemləri tikilib istifadəyə veriləcək. Bütün bunlar göstərir ki, Azərbaycanın güclü iqtisadiyyatı var. Bu güc Azərbaycan xalqının rifahının daim yüksəlməsinə sərf olunur və olunacaq.

Səlahiyyətli nümayəndə hər kəsi qarşıdan gələn prezident seçkilərində fəal iştiraka səsləyib, xalqımızın seçki prosesində yüksək əhval-ruhiyyə və qələbə əzmi ilə hamılıqla iştirak edəcəyinə əminliyini ifadə edib, qazilərə sağlam həyat, şəhidlərimizə rəhmət diləyib.

Şəhid İslam Eyvazovun anası Aytən Eyvazova səlahiyyətli nümayəndəyə dəmir yumruq maketini təqdim edib.

Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü çıxışında ötən il Naxçıvandan 23 şəhid ailəsinin Şuşaya səfərini xatırlatdı. Qəhrəman övladlarının tarix yazdığı torpaqlarımıza belə səfərlərin şəhid anaları üçün olduqca əziz olduğunu bildirən Fatma xanım bu cür təşəbbüslərin, eləcə də xeyriyyə konsertinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

“Naxçıvan qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov birliyin yaradılmasına və fəaliyyətinə göstərilən dəstəyə görə dövlətimizə minnətdarlıq edib, hər zaman vətən oğullarının yanında olacaqlarına, onların problemlərinin həllinə dəstək göstərəcəklərinə söz verib. Bildirib ki, bu gün birliyin təşəbbüsü ilə təşkil olunan konsertdən əldə olunan gəlir “Naxçıvan qaziləri” İctimai Birliyinin hesabına köçürüləcəkdir.

Sonra tədbir bədii hissə ilə davam edib.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının, rəqs kollektivlərinin çıxışları izlənilib, ifaçılar Nurlan Ordubadlı və Elvin Nasir vətənpərvərlik və qələbə ruhunda mahnılar səsləndiriblər.

Nəşr edilib : 10.01.2024 19:30