AZ EN RU

Naxçıvanda xalça sənəti yeni inkişaf mərhələsində

Dövlət proqramı icra olunur

Xalqın milli mədəniyyət tarixində mühüm yer tutan xalçaçılıq sənətinin tarixi qədim bir dövrü əhatə edir. Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən olan Naxçıvanda digər sahələrlə yanaşı, dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılıq da böyük tarixi inkişaf yolu keçmişdir. Naxçıvan xalçaları nəinki ölkəmizdə, bütün dünyada  özünəməxsus xüsusiyyətləri ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”. Ali Məclis Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədlərindən biri maddi və mədəni irsin qorunması ilə yanaşı, xalçaçılığın xammal təminatının yaradılması və bu sahədə yeni iş yerləri açılmasının dəstəklənməsidir.  

    Proqramda Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin yaradılması ilə bağlı tapşırıq nəzərdə tutulmuş, ötən illərdən bu istiqamətdə işlərin icrasına başlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının yaradılması başa çatdırılmışdır. Həmin ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə filialın açılışı olmuşdur. Həmçinin Ali Məclis Sədrinin 2021-ci il 24 noyabr tarixli müvafiq Sərəncamı əsasında “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanmışdır. Görülən işlər əhalinin məşğulluğunun təmin olunması sahəsində xalçaçılığın rolunu artırır və eyni zamanda bu sahədə yeni turizm məhsullarının ərsəyə gəlməsinə zəmin yaradır.

    Qeyd olunanlarla yanaşı, sentyabrın 24-də Naxçıvan Biznes Mərkəzində Şərur Sənaye Məhəlləsində yaradılması nəzərdə tutulan istehsal sahələri ilə bağlı layihələrin, o cümlədən “Yun iplik istehsalı” layihəsinin təqdimatı olmuşdur. Təqdimatda sahibkarlara layihənin üstünlükləri və bu istiqamətdə tətbiq edilməsi nəzərdə tutulan dövlət güzəştləri barədə ətraflı məlumatlar verilmişdir.
    Dövlət proqramının icrası istiqamətində toxunan xalçalar əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Bu tədbirlərin digər mütərəqqi əhəmiyyəti isə ondan ibarətdir ki, toxunan hər yeni xalça ənənəvi üsul və çeşnilərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Proqramın icrası məqsədilə ötən il Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında 9, Cəlilkənd buzxanasında 2, Dövlət Xalça Muzeyində 4, Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinin “Toxuculuq” kabinəsində 46, Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında 5 xalça toxunmuşdur. Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında və Cəlilkənd buzxanasında 23 xalçanın satışı həyata keçirilmişdir ki, bu da 2020-ci illə müqayisədə 9 xalça çoxdur. Həmçinin il ərzində “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihənin icrası da davam etdirilmişdir. Layihə çərçivəsində iplik və avadanlıqla təmin edilən 2 xalçaçı qadın tərəfindən milli ornamentlər əsasında  xalçalar toxunmuşdur.   
    Xalçatoxuma sahələri yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidirsə, digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Xalça sənətinin inkişafına təsir göstərən başlıca amillərdən biri də bu sahədə təhsil imkanlarının genişləndirilməsidir. İstər xalça sənəti üzrə peşə təhsilinin dəstəklənməsi, istərsə də ali təhsil müəssisələrində tələbələrin xalçaçılığa olan marağının artırılması istiqamətində görülən işlər bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir. Əllə xalçatoxuma sahəsində təhsilin dəstəklənməsi xalçaçılıq texnologiyası, semantikası və estetikası barədə ənənəvi təsəvvürlərin və adətlərin qorunub saxlanılmasına şərait yaradır. Ötən il Naxçıvan Şəhər Peşə Liseyində 16, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 29 müdavim xalçaçı kurslarında təhsilini başa vurmuş və sertifikatla təmin edilmişdir. Müvafiq tədris planına uyğun olaraq nümunəvi dərs cədvəlləri və 2 elektron dərs vəsaiti hazırlanaraq peşə məktəblərinə təqdim olunmuşdur. Eyni zamanda Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən xalçaçı kursunu 10 müdavim başa vurmuşdur. Noyabrın 30-da Naxçıvan Şəhər Peşə Liseyində xalçaçı kursunun müdavimləri tərəfindən hazırlanan 40-dək əl işindən ibarət sərgi təşkil edilmişdir. 
    Ümumtəhsil məktəblərinin şagirdlərinə xalçaçılıq sirlərinin öyrədilməsi diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq və Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəkləri yaradılmışdır.
    Dövlət proqramının icrasına uyğun olaraq ali təhsil müəssisələrində də bu istiqamətdə işlər davam etdirilmişdir. Naxçıvan Dövlət Universitetində “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və “Naxçıvan xalçaçılıq məktəbi” fənn proqramının təqdimatı keçirilmişdir. Təqdimatda, həmçinin tələbələrin miniatür kompozisiyalı, milli-tikmə sənəti nümunələrindən ibarət 30-dan artıq əl işi sərgilənmişdir. Naxçıvan Müəllimlər İnstitutunda xalça muzeyi yaradılmış, “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaiti tədris proqramına daxil edilmiş, “Naxçıvan xalçaçılıq məktəbi” seçmə fənninin tədrisi davam etdirilmişdir. Dövlət proqramı çərçivəsində təhsil müəssisələrində aparılan işlər şagird və tələbələrin, eləcə də xalçaçılıq peşəsinə marağı olan gənclərin yaradıcı fəallığına təkan verir.
    Ölkəmizin xalça sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbi xüsusi yer tutur. Bu sahədə Naxçıvanda formalaşan tarixi ənənələrin araşdırılıb üzə çıxarılması yeni elmi nəşrlərin hazırlanması üçün əsas rolunu oynayır. Ötən il proqramın icrası Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində də diqqətdə saxlanılmışdır. Yanvar ayında Moldova Respublikasının Comrat şəhərində keçirilən Fənlərarası elmi araşdırmalar üzrə III Beynəlxalq Avropa konfransında “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı” mövzusunda çıxış edilmiş və konfransın məruzələr toplusu çap olunmuşdur. Dövlət proqramının icrası məqsədilə aparılan elmi-tədqiqat işləri nəticəsində “Xalçanın əllə toxunması və texniki iş üsulları”, “Naxçıvan xalçaları: dünəni və bu günü”, “İpliklərin təbii boyalarla boyanması”, “Naxçıvanda toxuculuq və xalçaçılığın ticarət əlaqələrinin genişlənməsinə təsiri” mövzularında məqalələr hazırlanaraq nəşrə təqdim olunmuşdur.
    2021-ci ildə əllə toxunmuş xalçaların reyestr sisteminə daxil edilmək üçün 23 yeni xalçanın pasportlaşdırılması ilə bağlı iş aparılmış, reyestrə, ümumilikdə, 33 xalça haqqında məlumat daxil edilmişdir. 
    Muxtar respublikada xalçaçılıq sənətinin inkişafı sahəsində görülən işlər, yaradılan şərait xalq tətbiqi sənətinin bu növünün daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılmasına imkan verir.

“Şərq qapısı”

Nəşr edilib : 08.02.2022 19:12