AZ EN RU

Naxçıvanda verilən güzəştli kreditlər 126 yeni iş yerinin yaradılmasına zəmin yaradıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə həm kommersiya banklarının nümayəndələri, həm də sahibkarların subyektləri üçün güzəştli kreditlərə əlçatanlığın artırılmasına həsr olunmuş konfrans təşkil edildi. Konfransda da qeyd olunduğu kimi, sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi sosial-iqtisadi inkişafın prioritetləri çərçivəsində həyata keçirilir. Və Naxçıvanda, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə ölkənin digər iqtisadi rayonlarından fərqli olaraq xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib. Bu o deməkdir ki, burada prioritetlərin sayı, ümumilikdə, digər regionlardan çoxdur.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Biznes Mərkəzində keçirilən “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfransdan sonra jurnalistlərə müsahibəsi zamanı Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.
Onun sözlərinə görə, Naxçıvanda Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu 2023-cü ilin əvvəlindən başlayaraq aktiv şəkildə kreditləşməni həyata keçirir. Və ötən dövr ərzində 54 sahibkarlıq subyektinə 3 milyondan çox güzəştli kredit verilib. Bu da muxtar respublikada 126 yeni iş yerinin yaradılmasına zəmin yaradıb. 
 “Son olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu olaraq Naxçıvanda fəaliyyət göstərən bütün kommersiya bankları ilə əməkdaşlıq edirik və həmin bankları sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşməsinə dəstək göstərməyə, aktiv olmağa çağırırıq. Vəsait var, sahibkarlıq subyektlərinin bütün müraciətlərinə operativ, şəffaf qaydada baxacağımıza söz veririk”, – deyə Osman Xaliyev əlavə edib.


Nail ƏSGƏROV

Nəşr edilib : 26.07.2024 16:10