AZ EN RU

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzinin fəaliyyət dairəsi genişlənir

Sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət dairəsini genişləndirir.

Naxçıvan Şəhər Vergilər İdarəsinin xidmət strukturu tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında göstərilən xidmətlərin orta günlük sayı 46 olduğu halda, may ayında istifadəyə verilən xidmət mərkəzi tərəfindən may-iyul aylarında xidmətlərin orta günlük sayı 114, yəni 2,4 dəfə çox olub. May-iyul ayları ərzində Vergi ödəyicilərinə xidmət mərkəzində ümumilikdə 4.328 vətəndaş qəbul edilib və onlara 6.955 xidmət göstərilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş vətəndaşların sayından 1,8 dəfə, göstərilən xidmətlərin sayından isə 2,8 dəfə çoxdur.

Xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın təqdim edilməsi, elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı olub.

Naxçıvan Muxtar Respublikası

Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2023 11:10