AZ EN RU

Naxçıvanda uzun illərdir, aparılan “tikinti-quruculuq”, “abadlıq” işləri həyatı dözülməz edib

İlin aprel-may aylarında havaların yağıntılı keçməsi kəndlərdə əkinlərə nə qədər müsbət təsir göstərsə də, şəhər həyatında da bir o qədər çətinliklər yaradır. Əsas narahatlıq doğuran hallar isə insanların, avtomobillərin ən çox hərəkət etdiyi küçələrdə yaşanır. Bu baxımdan əvvəlki illərdə Naxçıvanda qeyri-normativ əsaslarla aparılan və ağızdolusu danışılan “tikinti-quruculuq”, “abadlıq” işləri də xüsusi rol oynayır. Əslində isə vəziyyətin heç də ürəkaçan olmadığı göz qabağındadır. Ötən dövrdə yarıtmaz idarəçiliyin nəticəsidir ki, yol kənarlarında mövcud olan suötürücü arxların əksəriyyəti “müasir infrastruktur”, “yenilənmə” adları altında ləğv olunması yarıtmaz vəziyyətin yaranmasına səbəb olub. 
Qeyd edək ki, yol kənarlarındakı suötürücü arxlar, əsasən, yağış və digər səthi suların yollardan uzaqlaşdırılması üçün nəzərdə tutulur və bir neçə vacib funksiyanı yerinə yetirir: Yolun uzunömürlülüyünü artırmaq, təhlükəsizliyi təmin etmək, infrastrukturun qorunması və sair.   Suötürücü arxlar yolların struktur bütövlüyünü qoruyaraq onların daha uzun müddət fəaliyyət göstərməsini təmin edir. Suyun yollarda yığılmasının qarşısını alaraq eroziya və aşınma proseslərini azaldır. Yollarda suyun yığılması sürüşmə və qəzalara da səbəb olur. Ona görə də arxlar bu riski azaldaraq yollarda təhlükəsiz hərəkət şəraitini təmin edir. Yol kənarlarında yerləşən yaşıllıq və bitki örtüyü üçün suötürücü arxların rolu olduqca böyükdür. Onlar suyun düzgün şəkildə yönləndirilməsi və suyun həddindən artıq yığılmasının qarşısının alınması ilə eroziya və torpaq sürüşmələrinin də qarşısını almış olur. Belə qənatə gəlirik ki, suötürücü arxların düzgün dizaynı və tikintisi yolların və ətraf mühitin qorunması, eyni zamanda insanların və avtomobillərin rahat, təhlükəsiz hərəkəti üçün vacibdir. 

Yağışın intensiv yağdığı vaxtlarda şəhərin mərkəzi küçələrindən, sözün əsl mənasında, sel gedir desək, yanılmarıq. Uzun çəkmə lazımdır ki, yolun bir tayından o biri tayına üst-başın batmamış, təmiz halda keçə biləsən. Ara məhəllələrlə hərəkət etməyin çətinliyindən isə söz açmağa dəyməz. Elə bu səbəbdəndir ki, son dövrlərdə mediada “Fərdi yaşayış evlərini su basıb” sərlövhəli xəbərlərə də tez-tez rast gəlirik. İnanırıq ki, bununla bağlı müvafiq tədbirlər görüləcək, şəhərimizin gözəlliyinə, insanların yaşayışına xələl gətirən hallar aradan qaldırılacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 14.05.2024 16:14