AZ EN RU

Naxçıvanda Ünvan Reyestri İnformasiya Sistemi formalaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda muxtar respublikada reallaşdırılması nəzərdə tutulan təfsilatlı tədbirlərdən biri də 2023-2024-cü illər ərzində Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılmasıdır. 15 sentyabr 2023-cü ildə təsdiq olunmuş müvafiq Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla birgə Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması üzrə işlərə başlanılıb.

Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması üçün ilk növbədə Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidlərinin sərhədləri aidiyyəti üzrə göndərilib. Daha sonra Ünvan Reyestri İnformasiya Sisteminə yerləşdirilməsi məqsədilə muxtar respublikanın poçt məntəqələrinin sərhədləri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə müəyyənləşdirilərək hazırlanıb.

Qeyd edək ki, sistemin formalaşdırılması üçün Naxçıvan şəhərinin, Əliabad qəsəbəsinin və şəhərin 5 kəndinin ünvan xəritəsi, həmçinin yeni yaranacaq nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələri müəyyənləşdirilərək ünvan xəritələrinin layihələri hazırlanıb və baxılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilib.

Diqqətə çatdıraq ki, muxtar respublikada Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması məqsədilə qarşıdakı dövr ərzində də işlər davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri

üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 31.10.2023 17:38