AZ EN RU

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi və film təqdim olunub

Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər Naxçıvan Dövlət Milli Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi və filmə baxıblar.

Məlumat verilib ki, sərgidə Naxçıvan rəssamlarının Ulu Öndərimizə həsr etdiyi portret, rəsm və əl işləri, dahi rəhbərin mənalı ömür yoluna həsr olunmuş nəşrlər, o cümlədən digər vəsaitlər nümayiş etdirilir. Naxçıvan televiziyasının “Heydər Əliyev İli”nə həsr etdiyi “100-cü ilə 10 film” layihəsi çərçivəsində hazırladığı filmlər, veb və audio materiallar sərgidə öz yerini alıb. Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü, həmin çətin illərdə dahi rəhbərin “Şərq qapısı” qəzetinə verdiyi müsahibələr, Ulu Öndərin zəngin irsindən bəhs edən qəzet məqalələri sərgi iştirakçılarına təqdim olunub.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış “İz” sənədli filmini izləyiblər.

"Şərq qapısı"

Nəşr edilib : 30.12.2023 18:41