AZ EN RU

Naxçıvanda ümumi və ali təhsil, elmin inkişafı ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçiriləcək

Naxçıvan Muxtar Respublikasında iki günlük səfərdə olan Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev “Şərq qapısı” qəzetinə müsahibəsində məlumat verib: – Naxçıvanda olmaqdan çox məmnunam. Bilirsiniz ki, bu il Azərbaycanda “Heydər Əliyev ili” dir. Məhz bu səbəbdən məzun gününü Naxçıvanda, buradan məzun olan şagirdlərimizlə keçirmək qərarına gəldik. Ümumiyyətlə bu gün Azərbaycanda 98 mindən artıq şagird XI sinfi, 145 mindən artıq şagird isə IX sinfi bitirir. Fürsətdən istifadə edib elə sizin vasitənizlə onları təbrik etmək istəyirəm. Düşünürəm ki, məzun olmaq, bu adı daşımaq hər bir insanın həyatında olduqca vacib hadisələrdəndir. Elə bu səbəbdən Naxçıvan şəhərində dahi siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbdə məzunların tədbirinə qatıldıq, ümumilikdə çox müsbət və xoş təəssürat qazandıq. Bununla yanaşı diqqətinizə çatdırım ki, Naxçıvan təhsildə həmişə özünün müsbət nəticələri ilə seçilən bölgələrdəndir. Bu mənada inanıram ki, bu ilki məzunlar yaxşı nəticə göstərəcəklər.  
Emin Əmrullayev səfər çərçivəsi barədə öz təəssüratlarını bölüşüb: Əlavə olaraq STEAM Mərkəzi ilə də tanış olduq, bu təlim-tədris obyektinin açılış tədbirində iştirak etdik. STEAM Mərkəzi hazırda muxtar respublikada yaradılmış ən innovativ məkanlardan biridir. Ümumiyyətlə Azərbaycanda 30-a yaxın mərkəzlər var, deyə bilərəm ki, bu Mərkəz yaradılmış şəraitə görə digərlərindən tamamilə seçilir. Düşünürəm ki, növbəti mərhələlərdə Elm və Təhsil Nazirliyi tərəfindən də göstəriləcək dəstək nəticəsində Mərkəzdə şagirdlərimiz üçün müvafiq öyrənmə mühiti yaradılacaq. Əlavə olaraq səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri ilə görüşdük, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən digər müəssisələrlə tanış olduq. Bu səfər çərçivəsində Naxçıvanda ümumi və ali təhsil, elmin inkişafı ilə bağlı muxtar respublikanın müvafiq qurumları ilə birlikdə daha çox nə edə bilərik, bu barədə müvafiq birgə planımız olacaq. Növbəti tədris ilində artıq bu planları icra etməyə başlayacağıq. 
Bu ilin növbəti aylarında tarixi əhəmiyyət daşıyacaq məktəb açılışlarımız olacaq. Şuşa, Füzuli, Laçın şəhərlərində  məktəblərin açılışı nəzərdə tutulur, eyni zamanda Sus və Zabux kəndlərində də məktəblər istifadəyə veriləcək. Digər bölgələrdə – Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində artıq bu proses başlayıb, Ağdam şəhərində bitmək üzrədir. Füzuli şəhərində də peşə-təhsil müəssisəsi tikilib, Cəbrayılda məktəb tikintisi artıq başlayıb. İnanıram ki, növbəti illərdə biz artıq onlarla işğaldan azad olunmuş ərazilərdə məktəblərimizə şagird və müəllimləri qaytara biləcəyik. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 14.06.2023 19:17