AZ EN RU

Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Noyabrın 8-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu günə töhfə vermək, Ümummilli Liderimizin, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi  Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, özəl təşkilatların rəhbərləri, qazilər, ekologiya könüllüləri, eləcə də ictimaiyyət nümayəndələri olmaqla, 500 nəfər iştirak edib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şanlı tariximizə möhtəşəm və qızıl hərflərlə yazılan Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev səlahiyyətli nümayəndəyə cari ildə muxtar respublika ərazisində nəzərdə tutulan və 2023-cü ilin yaz mövsümündə icra olunan yaşıllaşdırma tədbirləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, bu ilin payız əkini mövsümündə muxtar respublika ərazisində 244 min tinglə, 2400 kiloqram isə toxumla əkin işləri həyata keçiriləcək.

Sonra ağacəkmə aksiyasına start verilib. İştirakçılar Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında 4,5 hektar sahədə 1600 tut, 1000 püstə, 100 həmişəyaşıl tingləri və 120 gül kolu əkiblər. Tut tinglərinin əkilməsində məqsəd muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ağacəkmə aksiyasında iştirak edən qazilərlə görüşüb, onlarla söhbət edib, qayğıları ilə maraqlanıb.

Ekologiya könüllüləri ilə də görüşən səlahiyyətli nümayəndə gənclərə yerinə yetirdikləri missiyanın əhəmiyyətindən danışıb, işğaldan azad edilən ərazilərimizdə ekofəalların xüsusi aktivliyindən söz açıb.

Aksiyada könüllülərin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fləşmob təşkil olunub. İki yüzə yaxın gənc böyük coşğu və qürur hissi ilə “100 il” yazısını nümayiş etdirib.

Sonda səlahiyyətli nümayəndə Fuad Nəcəfli kütləvi informasiya vasitələrinə müsahibə verib.

"Şərq qapısı"

Nəşr edilib : 08.11.2023 17:45