AZ EN RU

Naxçıvanda “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar keçirilir

    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvanda “Ulu Öndər: dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminara start verilib. Açılış mərasimindən əvvəl Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. “Naxçıvan Saray”da davam edən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, Ulu Öndərin yüzilliyi  münasibətilə bu il Fond tərəfindən Azərbaycanın  bölgələrində ilboyu müxtəlif  tədbirlər həyata keçirilib. Bölgə gəncləri Ulu Öndərin mənəvi dəyərlərimizin qoruyucusu kimi gördüyü böyük işləri barədə məlumatlandırılıb. 
    Mehman İsmayılov onu da bildirdi ki, uzun illərdir, blokadada olan Naxçıvana Zəfərdən sonra yeni qapılar açılır. Vətən müharibəsində naxçıvanlı gənclər də öz şərəfli borclarını yerinə yetirərək torpaqlarımızı azad edib, bu işıqlı yolun təməlini qoyublar. Həmin gənclərin davamçıları kimi yetişən nəsil də öz üzərinə düşəni etməyə qadirdir. İşğaldan azad edilən torpaqları ziyarət etdikcə orada necə gözəl dini-tarixi abidələrimiz olduğunu və dövlətimizin din fərqi qoymadan həmin abidələrə necə diqqət göstərib düşmənin xarabaya çevirdiyi abidələri bərpa etdiyini gördük. Cənab Ali Baş Komandanın həmin ərazilərdə olanda tarixi abidələrin önündə çıxış etməsi də bu yerlərə böyük dəyər verildiyini təsdiq edir. İşğal dövründə məscidlərimiz və tarixi abidələrimiz dağıdılmışdır. Bu gün onların hamısı bərpa olunur ki, bunların içərisində kilsələr də vardır. Bu da bizim düşməndən fərqimizi göstərir. 
    Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, dini sahədə də ciddi dönüş yarandı. Qanunlar qəbul edildi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”, – deyən Ümummilli Lider dövlətin dinlə bağlı siyasətini müəyyənləşdirdi. Bu ənənə bu gün də davam edir.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadə çıxış edərək Ulu Öndərin gənclər siyasətindən və mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərindən bəhs ediblər. 
    Sonda “Heydər Əliyev 100: mənəviyyata bağlı ömür” filmi nümayiş olunub.  
    Nahar fasiləsindən sonra qonaqlar Heydər Əliyev Muzeyini, Heydər Məscid kompleksini və “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 26.10.2023 17:57