AZ EN RU

Naxçıvanda Ubeyd mədəniyyətinin lokal variantı aşkar olunub

Məlumat verdiyimiz kimi 3 iyun 2024-cü il tarixindən AMEA Naxçıvan Bölməsinin Arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi yaxınlığında, dəniz səviyyəsindən 1420 m yüksəklikdə yerləşən Bülövqaya yaşayış yerində arxeoloji tədqiqatlara başlamışdır. Tədqiqatın məqsədi e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanların həyat tərzini, köç yollarını öyrənməkdən ibarətdir.

Araşdırmalar bu yaşayış yerinin e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar köçəri həyat tərzi keçirmiş, yüngül konstruksiyalı, ya da çadır tipli evlərdə yaşamış, ərzaq ehtiyatlarını döşəməyə basdırılmış iri küplərdə saxlamışlar. Arxeoloji araşdırmalar zamanı aşkar olunan ən qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. Qazıntı mövsümü başa çatmamışdır, lakin indiyədək iki yüzdən artıq boyalı keramika aşkar olunmuşdur.  İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopotamiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu göstərir. İndiyədək Azərbaycanda, o cümlədən Naxçıvanda Xalaf və Ubeyd mədəniyyəti ilə bağlı müəyyən tapıntılar əldə edilmişdir. Lakin bu tapıntılar Yaxın Şərq ölkələri ilə əlaqələri daha aydın təsəvvür etməyə imkan verir. Araşdırmalar göstərir ki, Ubeyd tayfaları qonşuların vasitəsi ilə deyil, birbaşa özləri xammal mənbələrinə doğru hərəkət etmişlər. Bu dövrdə Yaxın Şərq üçün gərəkli olan əsas xammal obsidian və mis idi. Bu baxımdan yaşayış yerindən aşkar olunan mədənçilik alətləri olduqca diqqətəlayiqdir. İlkin araşdırmalar bu köçlərin e. ə. V minilliyin ikinci yarısında, dalmatəpə mədəniyyətinin yayılmasından sonra baş verdiyini deməyə imkan verir. Arxeoloji materialların gələcək tədqiqi və karbon analizlər daha dəqiq tarix deməyə imkan verəcəkdir.

 

Vəli BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

Nəşr edilib : 27.06.2024 09:38