AZ EN RU

Naxçıvanda tütün əkini mövsümü yekunları ilə əlaqədar tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi vǝ "Cahan Tobacco International" MMC-nin birgə təşkilatçılığı ilə "Naxçıvan saray"da keçirilən tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, ölkəmizdə son illər tütünçülüyün inkişafı istiqamətində arıdıcıl tədbirlər görülür. "Azərbaycan Respublikasında Tütünçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında da tütünçülük ənənələri yenidən inkişaf etdirilir. Hazırda muxtar respublikada 4 bölgədə tütün əkinləri həyata keçirilir. Bu il muxtar respublikada 482500 ton yaş tütün yığılıb. İstehsal olunan məhsullar yüksək keyfiyyətə malikdir. Odur ki, Orqanik Naxçıvan məhsulları sırasında tütün məhsulları da öz yerini alır.

Sonra Naxçıvanda tütünyetişdirmə ənənələri və "Cahan Tobacco International" MMC-nin fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub.

 "Cahan Tobacco International" MMC-nin direktoru Serhat Eroğlu çıxışında bildirib ki, yüksək gəlir gətirən tütün dünyanın 250-dən çox ölkəsində yetişdirilir. Əlverişli iqlim və torpaq şəraiti olan Naxçıvanda da keyfiyyətli tütün yetişdirməyə geniş imkanlar var. 2017-ci ildən başayaraq fəaliyyət göstərən "Cahan Tobacco International" MMC muxtar respublikada yetişdirilən yerli xammala üstünlük verir. Odur ki, ötən 7 ildə birgə fəaliyyət nəticəsində yüksək nəticələr əldə edilib, məhsul əkini, yığımı və istehsalı artırılıb. Əldə olunan məhsuldarlıq və yüksək keyfiyyət tütün məhsulunun ixrac potensialını da formalaşdırıb.

Tədbirdə digər çıxışlar dinlənilib.

Sonra muxtar respublikada tütün əkini və istehsalı ilə bağlı təşkil olunmuş sərgiyə baxış olub. Sərgiyə baxış zamanı tütünçülük sahəsinin mövcud vəziyyəti və qarşıya çıxan problemlər müzakirə edilib.  Tədbirin sonunda tütün əkinində yüksək nəticələr əldə etmiş təsərrüfatçılara qiymətli hədiyyələr təqdim edilib.

Nəşr edilib : 06.10.2023 14:03