AZ EN RU

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib

    Avqustun 30-da Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz qonaqları salamlayıb, bayramı birgə qeyd etməkdən məmnunluğunu bildirib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Zəfər bayramı və Türkiyənin Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklə­rinə göndərdiyi təbrik məktubunu oxuyub. Baş konsul çıxışında Zəfər bayramının 100-cü ildönümündə qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri də qeyd etməkdən şad olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu əzm və cəsarəti ilə tarixə qızıl hərflərlə yazılan bir zəfər qazanıb və işğalı sonlandıraraq şəhər və kəndləri bir-bir azad edib. Ötən həftə Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi münasibətilə təbriklərini çatdıran Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsini səsləndirib, Azərbaycan Ordusunun Ali Baş Komandanı başda olmaqla bu qələbə sevincini yaşadan əsgər və zabitlərə minnətdarlığını bildirib, qazilərə uzun ömür və cansağlığı arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyib. 
    Türkiyənin Naxçıvandakı Baş konsulu bildirib ki, bu gün böyük zəfərin 100-cü ilinə qovuşduq, gələn il isə cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Zəfərimizin və cümhuriyyətimizin ildönümlərinin yüzillikər boyu qeyd olunacağına əminik. Əminik ki, qardaş Azərbaycanın Böyük Zəfəri də yüz illər boyu qeyd ediləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
    Vurğulanıb ki, gücünü ortaq tarix, mədəniyyət və dilimizdən alan Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də inkişaf etməkdədir. Bölgədə daimi sülhün və sabitliyin təminatı olan qardaşlığın və işbirliyinin 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi”ndə qeyd olunan strateji müttəfiqlik istiqamətində hər sahədə güclənməyə davam edəcəyinə və dövlətlərimizin müstəqilliyi kimi əbədi olacağına heç bir şübhə yoxdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramının 100 illiyi və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Bildirib ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İkitərəfli əlaqələrimizin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Xüsusilə iqtisadi, ticarət, təhsil, səhiyyə, mədəniyyət sahələrində və ordu quruculuğunda əməkdaşlıq uğurla davam etdirilir. 
    Ali Məclis Sədrinin birinci müavini Zəfər bayramının 100-cü ildönümü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə bir daha təbriklərini çatdırıb, Türkiyə dövlətinə və xalqına daha böyük zəfərlər arzulayıb, çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fikirləri ilə tamamlayıb: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş münasibətlərimiz nümunə gücündədir. Bu əlaqələr bundan sonra da nümunə gücündə olacaq və daha da inkişaf edəcəkdir”.
    Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan Türkiyənin şanlı hərb tarixindən bəhs edən videoçarx nümayiş olunub, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Zemfira Babayevanın pianoda ifaları dinlənilib. 

Nail ƏSGƏROV

Nəşr edilib : 30.08.2022 23:19