AZ EN RU

Naxçıvanda türkiyəli investorlarla görüş keçirilib

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türkiyəli investorlarla görüş keçirilib.  
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahədəki islahatlar barədə məlumat verilib, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb. Naxçıvanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi görüşün əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahənin inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. Proqramın icrasını təmin etmək məqsədilə ötən il muxtar respublikada 40 minə yaxın tut tingi əkilib
Görüşdə müasir dövrün tələblərinə uyğun  suvarma sistemlərinin qurulması, gübrə təminatı məsələlərindən də  ətraflı bəhs edilib, videomaterial izlənilib, bu formatda görüşlərin davam edəcəyi bildirilib.

Nəşr edilib : 28.02.2024 17:57