AZ EN RU

Naxçıvanda Türkiyədən gələn investorlarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin icraçısı Samiq Sadıxov, ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev Türkiyədən gələn iş adamları ilə görüşüblər. Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə son aylarda Naxçıvanda aparılan səhiyyə islahatları barədə məlumat verilib, bu sahədə işbirliyinin potensial imkanları müzakirə edilib, türkiyəli iş adamlarının Naxçıvanın geniş potensiala malik olan səhiyyə turizminin inkişafında maraqlı olmasının vacibliyi vurğulanıb.

Görüşdə muxtar respublika ərazisində mövcud olan təbii ehtiyatların yataqları barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-i filiz, 55-i isə qeyri-filiz yataqlarıdır. Onlardan 30-nun texniki qiymətləndirilməsi tamamlanıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın təbii ehtiyatlarından istifadə potensialının artırılması, potensial xammal ehtiyatlarının müəyyən edilməsi və təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlbi ilə bağlı bir çox məsələlər qarşıya qoyulub.

Türkiyəli investorlar Naxçıvanda mədən sənayesinin inkişafında maraqlı olduqlarını bildirib, bu sahəyə sərmayə qoyuluşlarının vacibliyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Naxçıvan həm də bərpa olunan enerji mənbələri ilə zəngin diyardır. Hazırda Naxçıvan elektrik enerjisinə olan tələbatını tamamilə yerli istehsal hesabına ödəyir. Mövcud potensial isə muxtar respublikada günəş və külək elektrik stansiyalarının qurulmasına geniş imkanlar açır və yaxın gələcəkdə tələbatın ödənilməsi tamamilə bərpa olunan enerji hesabına olacaqdır.

Qeyd olunub ki, aparılan ilkin qiymətləndirilmələrə görə, muxtar respublikada 1500 meqavatlıq günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Artıq 650 meqavatlıq günəş elektrik stansiyasının qurulması üçün müqavilələr imzalanıb. Eyni zamanda muxtar respublikada təcrübə məqsədilə ilkin külək elektrik stansiyası da qurulub və bu sahədə də potensial var. Naxçıvanda bərpa olunan enerji mənbələri buradan “yaşıl enerji”nin Türkiyəyə və Avropaya ötürülməsinə yeni imkanlar açır.

Vurğulanıb ki, dövlət başçısı tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın enerji potensialından istifadə, eləcə də bu sahəyə yeni investisiyaların cəlbi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Görüşdə türkiyəli sahibkarların Naxçıvanın enerji potensialının dəyərləndirilməsində yaxından iştirak edəcəklərinə əminlik ifadə olunub.

Nəşr edilib : 11.09.2023 15:13