AZ EN RU

Naxçıvanda türk-islam memarlığının daha bir incisi

    Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclis Sədrinin AMEA Naxçıvan Bölməsinin qarşısında rayonların tarixinin yazılması ilə bağlı qoyduğu vəzifənin tələblərinə uyğun olaraq aparılan araşdırmalar zamanı Sədərək rayonunda 4 yeni abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Onlardan biri Sədərək hamamıdır. Bu məqalədə həmin abidə haqqında, yerli sakinlərin diliylə desək, “Köhnə hamam” haqqında yeni faktlar təqdim edilir.

    Hamamlar milli-mənəvi dəyərlərimizin atributlarından olmaqla təmizlənmə, saflaşma və sosiallaşma məkanı kimi xalqımızın həyatında mühüm yer tutmuşdur. Müdriklərimiz “Təmizlik imandan gəlir”, – deyiblər. Bu mənada, paklanmanın həyata keçirildiyi bu yerlər insanların həyat tərzinin  ayrılmaz ikilisinə çevrilərək arxitekturada 2 müstəqil komponent şəklində təmsil olunmuşdur. Bunlardan birincisi – mənəvi təmizlənmə yerləri əsas ibadət yerləri kimi hələ Eneolit dövründən başlayaraq yaşayış komplekslərinin bir parçası olmuşdur. Sonralar belə məkanlara məbədlər, pirlər, məscidlər kimi müxtəlif adlar verilsə də, mahiyyət eyni olmuşdur: mənəvi paklanma məkanı. İkincisi isə cismani təmizliyin başlıca məkanı olmuşdur.

    Türk-islam mədəniyyəti hər iki atributu bir-birinə daha da yaxınlaşdırmışdır. Orta əsr şəhərlərində olan 3 əsas tikilidən ikisi məhz bu iki təsisatla bağlı olmuşdur. Hər bir şəhərin mərkəz tikililəri içərisində dövlət binası, məscid və hamam vahid kompozisiya yaratmışdır. Hamamların məscid və mədrəsələrin yaxınlığında yerləşməsi  mənəvi və cismani paklanmanın bir-birindən ayrılmaz olduğunu göstərirdi. Hamamlar həm də müəyyən mərasimlərin də həyata keçirildiyi yerlər kimi mühüm əhəmiyyətə malik olmuşdur. Bu səbəbdən Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da hamamlar çoxsaylı olmuşdur.
    Orta əsr mənbələrində Naxçıvan hamamları ilə bağlı xeyli məlumatlara rast gəlinir. XVII əsrdə Ö.Çələbi təkcə Naxçıvan şəhərində 7 hamamın olduğunu qeyd etmiş və onlardan Zal paşa hamamının geniş təsvirini vermişdir. J.Şarden də Naxçıvan hamamlarının gözəlliyindən bəhs etmişdir. Onlardan bir çoxunun yerüstü əlamətləri dağılsa da, İsmayılxan hamamı, Nüsnüs hamamı, Ordubad hamamı, Yengicə, Şahtaxtı və Xok hamamları zamanın sınaqlarına davam gətirərək günümüzədək gəlib çatmışdır. 
    El arasında “Köhnə hamam” kimi tanınan Sədərək hamamı Sədərək kəndinin əsas məhəllələrindən birində tikilmişdir. Hazırda onun yerləşdiyi şəxsi həyət hündür hasarla əhatə olunduğundan bu memarlıq kompleksi diqqəti çox da cəlb etməmişdir. Maraqlıdır ki, ötən əsrin 90-cı illərində erməni quldurlarının atdıqları güllələr və mərmilərdən bir çox yerlər dağıldığı halda, bu hamama ziyan dəyməmiş sanki xüsusi bir qüvvə tərəfindən qorunmuşdur. Əsrlərin yadigarı olan bu hamamın divarlarındakı suvaqlar bəzi yerlərdə qopduğundan kərpiclərin düzülüş forması  daha aydın şəkildə üzə çıxmışdır. Bu da onun memarlıq xüsusiyyətini müəyyənləşdirməyə imkan verir.
    Yarım yeraltı hamamlar qrupuna aid olan Sədərək hamamı dördkünc planda tikilmişdir. Qırmızı-çəhrayı rəngli kərpicdən tikilən hamamın xarici səthinə sarı rəngdə qalın suvaq çəkilmişdir. Xaricdən tikilinin uzunluğu 10, eni isə, təqribən, 5 metrə bərabərdir. Hamamın diqqətçəkən xüsusiyyətlərindən biri dördkünc formalı divarlarının yuxarı hissədə birləşdiyi dairəvi formalı tavanın üzərində günbəzin olmamasıdır. O, silindrik formalı olub, təqribən, 1 metr hündürlüyə malikdir. Lakin bu yalnız sağlam qalmış vestibül hissəyə aiddir. Otaqlardan birinin üzəri günbəzşəkilli olub dairəvi baca ilə tamamlandığı aydın görünür. Tikilinin digər hissələri torpağın altında qaldığından digər otaqların üzərində günbəzin olub-olmadığı bəlli deyil.
    Tikili kompleksinin içərisi 1 vestibül və ona bitişik olan 2 əlavə otaqdan ibarətdir. Vestibülün eni və uzunu 5,4 metrdir. Daxildən 4 çatma tağın birləşdiyi yuvarlaq günbəzlə tamamlanmışdır. Hər divardakı tağların eni 3,7 metrdir. Cənub istiqamətində olan giriş qapısının eni 85 santimetrdir. Qapı tağşəkilli formada tamamlanmışdır. Digər qapı onun qarşısındakı divardan şimal istiqamətində olan kiçik otağa açılır. Bu otağın eni 2,8, uzunluğu isə 3,4 metrdir. Dördkünc formada olan bu otaq yuxarıda qövsvarı tavanla tamamlanmışdır. Tavanın mərkəzində diametri, təqribən, 50-55 santimetrə bərabər olan baca yerləşir. Görünür, otağın içərisi bu bacanın köməyi ilə işıqlandırılmışdır. İçərisində divarboyu daş səki düzəldilmişdir. Böyük ehtimalla, bu otaq yuyunma kabinəsi funksiyası daşımışdır. İkinci otaq şərq divarına bitişik olub sonradan əlavə edilmişdir. Bu otağın günçıxana doğru açılan qapısı, təqribən, 80 santimetr enində olmaqla tağşəkilli formada tamamlanmışdır. Çox təəssüf ki, hamamın şimala doğru olan digər hissələri torpağın altında qalmışdır. Ümumilikdə, tikinti texnikası və forması binanın quruluşu baxımından Şahtaxtı hamamı, Yengicə kəndindəki Şərq hamamı ilə oxşarlıq təşkil edir. Binanın tikinti xüsusiyyətləri, forması, həmçinin digər hamamlarla müqayisəsi  haqqında mütəxəssislərin fikrinə əsaslanaraq onu XVIII-XIX əsrlərə aid etmək olar. Bu tarix vaxtilə görkəmli epiqraf  M.Nemət tərəfindən tədqiq edilmiş Sədərək camesinin kitabələri ilə də uyğun gəlir. Kitabələrdən birində hicri 1112 (miladi təqvimlə 1700/1701-ci illər), digərində isə hicri 1259 (miladi təqvimlə 1843-cü il) yazılmışdır. Tədqiqatçı bir neçə tarixin göstərilməsinin məscidin yenidən təmir edilməsi ilə əlaqədar olduğunu qeyd etmişdir. Camenin tikilmə və bərpa edilmə tarixləri nəzərə alınaraq XVIII-XIX əsrlərə aid edilmişdir. 
    Qeyd etmək lazımdır ki, hamamlar, adətən, məscidlərin yaxınlığında tikilir və dövlət binası ilə birlikdə şəhərlərin üçlü kompozisiyasını təşkil edirdi. Sədərəkdə Azərbaycanın orta əsr şəhərləri üçün xas olan bu cür tikili kompozisiyalarının olması XVIII-XIX əsrlərdə onun şəhərtipli qəsəbə olduğunu təsdiq edir. 

Zeynəb Quliyeva
AMEA Naxçıvan Bölməsinin Arxeoloji 
xidmət şöbəsinin müdiri, dosent

Nəşr edilib : 06.05.2022 22:34