AZ EN RU

Naxçıvanda turizm sahəsinin inkişafı yeni mərhələnin başlanğıcı olacaq - FOTOLAR

Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkə başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrlə yanaşı, turizmin inkişafı da prioritetlərdən biri kimi qeyd olunub. Dövlət Proqramında muxtar respublikanın turizm potensialından istifadə etməklə regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş bir sıra tədbirlər öz əksini tapmışdır. Mövzu ilə bağlı Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyevlə həmsöhbət olub hazırda bu istiqamətdə görülən işlər barədə məlumat aldıq. 
    Saleh müəllim bildirdi ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Təfsilatlı Tədbirlər Planında turizmin inkişafı, müxtəlif turizm növlərinin inkişaf etdirilməsi, turizm atlasının hazırlanması, turizm və rekreasiya zonalarının yaradılması istiqamətində müvafiq işlərin həyata keçirilməsinə başlanılıb. Hazırda muxtar respublikada turizmin inkişafında öncül məsələlərdən biri infrastrukturun yaxşılaşdırılmasıdır. 
    Belə ki, Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planının hazırlanması istiqamətində işlərə başlanılıb və müəyyən qədər məsafə qət edilibdir. Müsahibimiz qeyd etdi ki, turizm növlərinin inkişaf etdirilməsi istiqamətində də bir sıra işlərin ilkin mərhələsi başlanıb. Buna misal olaraq “Dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələrinin hazırlanması” məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Batabat yaylağı ərazisində qiymətləndirmə işləri aparılıb. Bununla yanaşı, ərazidə Batabat gölləri və Biçənək kəndi – Fərhad evi (Karvan yolu) – Zorbulaq gölü istiqamətlərində dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi işi həyata keçirilib. Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşü həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilib. 
    Müsahibimiz qeyd edir ki, Dövlət Proqramının müvafiq bəndlərində müxtəlif turizm növlərinin inkişaf etdirilməsi də öz əksini tapır. Bununla əlaqədar olaraq Batabat gölünün yaxınlığında tematik turistik mərkəzin layihələndirilməsi, Ordubad Tematik Parkının yaradılması, Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin tikilərək turizmin dəyər zəncirinə qatılması kimi məsələlər Dövlət Proqramında öz əksini tapmışdır. Turizm infrastrukturu turizm sektorunun uğurlu fəaliyyətinin və davamlı inkişafının ən mühüm komponentidir. Turizm sahəsində infrastruktur turizm məhsulunun keyfiyyətinin təmin edilməsinə və həyata keçirilməsinə birbaşa təsir göstərməklə yanaşı, dəyərini də müəyyən edir. Onun formalaşması sayəsində turizm ehtiyatlarının daha intensiv inkişafı baş verir, destinasiyanın cəlbediciliyi artır, iqtisadi, sosial-mədəni sahənin inkişafına zəmin yaranır. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamenti Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun işçi qrupu ilə birlikdə Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişaf planının hazırlanması, turizm və rekreasiya zonalarının yaradılması, müxtəlif turizm növlərinin inkişafına dair layihələrin və turizm atlasının hazırlanması, muxtar respublikanın turizm üçün əlverişli yaşayış məntəqələrinin qiymətləndirilməsi üzərində mütəmadi iş aparır. Dövlət Proqramı muxtar respublikada digər sahələrin inkişafı ilə yanaşı, turizm sahəsinin inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı olacaqdır.         
    Saleh Quliyevin sözlərinə görə  artıq muxtar respublikada turizm sahəsində mövsümilik problemi aradan qaldırılıb və insanlar istirahətləri üçün təkcə yay aylarında deyil, həm də qış fəslində Naxçıvana üz tuta bilirlər. Buna görə də müsahibim qış turizminin potensialı haqqında da məlumat verərək dedi: – Muxtar respublikanın turizm potensialı müxtəlif turizm fəaliyyətləri baxımından əhəmiyyətli imkanlar yaradır. Bu səbəbdən də qış turizminin keyfiyyətli və rəqabətədavamlı turizm məhsuluna inteqrasiyası istiqamətində bir sıra işlər həyata keçirilir. Muxtar respublikada qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla dayanıqlı turizmə nail olmağa şərait yaradır. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən yararlanaraq istirahətini təşkil etmək istəyənlərin də sayı az deyil. Turizmin inkişafı baxımından əlverişli şəraitə malik diyarımızda, xüsusilə Şahbuz rayonunun Ağbulaq kəndində yaradılan istirahət guşəsi göstərir ki, Naxçıvan qış turizminin təşkili baxımından əlverişli imkanın olduğu bölgələrdəndir. Ağbulaq kəndi zəngin bitki örtüyü və təmiz havadan ibarət resurs dəyəri ilə Naxçıvanın turizm coğrafiyasında əhəmiyyətli və cəlbedici yaşayış məntəqəsidir. Naxçıvanda qış turizmi ilə bağlı üz tutulan əsas ünvan da Ağbulaq İstirahət Mərkəzidir. 
    Şahbuz dağlarının qoynunda yerləşən bu mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə kənd turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradır. Muxtar respublikada inkişaf edən turizm sektoruna böyük töhfə olan Ağbulaq İstirahət Mərkəzi qış-yay turizmi üçün unikal məkandır. Mərkəzdə xizək sürməyə marağı olmayan qonaqların digər əyləncələrdən istifadə etməsi üçün futbol, basketbol və voleybol meydançaları, uşaq əyləncə parkı yaradılmış, qonaqlar üçün ATV motor turları, divara dırmanma xidmətləri təşkil olunur. Mərkəzin ərazisində yüksək zövqlə dizayn edilmiş bar, kafe və restoranlar fəaliyyət göstərir. Bəhs edilən  ictimai iaşə obyektlərində qonaqlara milli mətbəximizə xas yeməklər təqdim olunur. Burada inşa edilən hotel istirahət məkanında qonaqların rahat gecələmələrinə imkan verib. 
    Ağbulaq təkcə turizm mərkəzi deyil, eyni zamanda ölkəmizin zəngin təbiətinin təbliğində mühüm rol oynayır. Bu isə ölkənin turizm sənayesində Ağbulaq İstirahət Mərkəzinin əhəmiyyətini daha da artırır. Məlumdur ki, turistlər idmanla məşğul olmaq, təmiz dağ havası qəbul etmək və adrenalin axtarmaq kimi səbəblərdən qış turizmi fəaliyyətlərinə ehtiyac duyurlar. Ağbulaq Xizək Mərkəzində də qış turizmi mövsümü ilə əlaqədar dağ-xizək turizmi həvəskarları üçün əlverişli şərait mövcuddur. Bu baxımdan mərkəzə daha çox turistin cəlb olunması və yerli qonaqların mərkəzin imkanlarından daha rahat yararlanması üçün həftə sonları muxtar respublikada fəaliyyət göstərən turoperatorlar tərəfindən sərfəli qiymətlərə turlar təşkil olunur. 
    Saleh Quliyevin sözlərinə görə bu gün muxtar respublikamızda qış turizmi üçün əlverişli imkanlar mövcuddur. İnsanlar qış aylarında istirahətini mənalı keçirmək üçün Naxçıvan şəhərindən çox da uzaqda olmayan məkanlara üz tuturlar. Bu baxımdan Şahbuz, Culfa, Ordubad rayonlarının dağlıq və dağətəyi yerlərində qış mənzərələri fonunda istirahətlərini təşkil etmək istəyənlər üçün əla fürsətlər var. Hətta insanlar ilk qarın sevincini Batabat yaylağında yaşamağa böyük üstünlük verirlər. Onu da qeyd etməliyik ki, turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla yanaşı, sabitliklə də sıx bağlıdır. Muxtar respublikada bu iki amilin mövcudluğu, turizmin inkişafı üçün əlavə üstünlüklər yaradır.    
    Naxçıvanda ənənəvi turizm növləri ilə yanaşı, perspektiv vəd edən turizm istiqamətləri haqqında söz açan müsahibimiz deyir ki, zəngin tarixi və mədəni irsi ilə Naxçıvan həm ənənəvi, həm də yeni yaranmaqda olan səyahət seçimlərinə xitab edən bir sıra perspektivli turizm istiqamətləri təklif edir. Naxçıvanda bir çox tarixi yerlər, o cümlədən orta əsr memarlığı ilə məşhur olan qədim Ordubad, eyni zamanda Naxçıvanın füsunkar mənzərələri təbiət həvəskarları və macəra axtaranlar üçün böyük imkanlar açır. Dağın zirvəsində yerləşən əzəmətli Əlincə qalasından mənzərəli dərələrə və isti bulaqlara qədər bölgə açıq havada gəzintilər, trekkinqlər və ekoturizm üçün füsunkar bir fon təklif edir. Bununla yanaşı, muxtar respublika ərazisində dağçılıq, fotoovçuluq, quş müşahidəçiliyi və düşərgə fəaliyyətinin təşkili üçün də geniş imkanlar mövcuddur.
    Məlumat üçün qeyd edək ki, muxtar respublika ərazisində müşahidə olunan nadir quş növləri böyük maraq doğurur və bu quşlardan bəzilərinə ölkəmizin digər bölgələrində, ümumiyyətlə, rast gəlinmir. Bu amil isə, öz növbəsində, muxtar respublikada quş müşahidəçiliyi turizminin inkişafına böyük stimul yaradır.
    Qədim diyarda tarixi-mədəni abidələrin zənginliyini nəzərə alaraq arxeoturizm, Batabat Astrofizika Rəsədxanası ətrafında astroturizm, yüksək dağlıq ərazilərdə yamac paraşütü, mürəkkəb relyefə malik ərazilərdə dağ skuteri və velosipedlərindən, yolsuzluq avtomobillərindən istifadə və sair fəaliyyət növlərinin inkişaf imkanları vardır. Müalicəvi mineral və isti bulaqları ilə də Naxçıvan sağlamlıq turizmi üçün gözəl imkanlar təqdim edir. İstirahət etmək və gəncləşmək istəyən səyahətçilər bölgənin təbii müalicəvi resurslarından yararlanaraq SPA müalicələri və sağlamlıq proqramları ilə özlərinin qayğısına qala bilərlər.
    Mədəni tədbirlər və festivallar Naxçıvanın nadir irsini tərənnüm edir. Ənənəvi musiqi, rəqs və sənətkarlıq nümunələrini nümayiş etdirən bu tədbirlər turistlərə yeni təcrübə təqdim edərək onlara yerli ictimaiyyətlə ünsiyyət qurmağa və çoxəsrlik ənənələrdə iştirak etməyə imkan verir.
    Göründüyü kimi, Naxçıvanımızda turizmin bir çox növləri üzrə geniş imkanlar mövcuddur. Yuxarıda adıçəkilən Dövlət Proqramının uğurlu icrası isə bu sahədə yeni imkanların təqdim olunmasına şərait yaradacaq.

Bülbül Quliyeva

Nəşr edilib : 25.12.2023 17:35