AZ EN RU

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılma prosesinə start verilib

Bu gündən ölkə üzrə  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 

 “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində  riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

Bu günkü sertifikatlaşdırma prosesinin   ilk seansında  riyaziyyat müəllimləri iştirak edir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan ediləcək.

Qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

Sertifikatlaşdırmada iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq

Nəşr edilib : 21.06.2024 11:54