AZ EN RU

Naxçıvanda təhsil sahəsində gender məsələsi uğurlu həllini tapıb

Təhsil millətin gələcəyidir

    “Gender” anlayışı XX əsrin sonunda formalaşıb. Qadın və kişilər arasında sosial bərabərlik “gender bərabərliyi” kimi qəbul edilir. Məlumdur ki, elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib. Bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradıb. Yeni texnoloji nailiyyətlər, eyni zamanda qadınların ev işlərinə ayırdığı vaxtın qənaətini təmin edir, qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsi məqsədi daşıyır.

    Gender problemlərinin həlli, ümumilikdə, qadın və kişi arasında əmək bölgüsü münasibətlərinin yaxşılaşmasına və insan potensialının inkişaf göstəricilərinin yüksəlməsinə xidmət edir. Onu da qeyd edək ki, bütün sahələrdə olduğu kimi, gender bərabərliyi təhsil sahəsində də aktuallığını saxlayan məsələlərdən biridir. 
    Tarixə nəzər salsaq, görərik ki, ölkəmizlə yanaşı, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da qadınlar arasında maarif işinin inkişafında kişilərlə yanaşı, ziyalı qadınlar da mühüm xidmətlər göstərmişlər. Görkəmli xeyriyyəçi H.Z.Tağıyevin qız məktəbini bitirmiş Nazlı xanım Tahirova 1912-ci ildə Naxçıvan şəhərində qız məktəbi açmışdır. Bununla bərabər görkəmli pedaqoq və yazıçı Rəşid bəy Əfəndiyevin 1910-cu ildə Naxçıvan şəhərində türk-qız məktəbini açaraq özünün də orada dərs deməsi, 1917-ci ildə N.Nəcəfovanın həmin məktəbə müdir təyin edilməsi və 1920-ci ilədək orada işləməsi artıq məktəb işinin mütərəqqi yolla inkişaf etdiyini göstərir.

    Naxçıvanda 1920-1930-cu illərdə maarif sahəsində əldə edilən mühüm nailiyyətlərdən biri də qadınlar arasında savadsızlığın ləğv edilməsi məsələsi idi. Həmin dövrdə kənd qadınları ilə şəhərdə yaşayan qadınların təhsil səviyyəsində ciddi fərqlər var idi. Bəzi kəndlərdə qızların təhsil alması məsələsi ilə əlaqədar mövhumatçı münasibətlər və düşüncələr yenə də qalmaqda idi. Bu məsələlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə, 70-80-ci illərdə öz həllini tapmış oldu.

    Ümumiyyətlə, muxtar respublikada 1970-ci ildə 10 illik orta ümumtəhsilə keçidlə əlaqədar olaraq ibtidai və səkkizillik məktəblərin sayı azalmış, orta məktəblərin sayı isə artmışdı. Həmin illərdə qızların orta ümumi təhsilə cəlb edilməsi sahəsində əsl inqilab baş verdi. Məktəbyaşlı qızların hamısı məktəbə gedirdi ki, bu da şagirdlərin ümumi sayında onların üstünlük təşkil etməsinə gətirib çıxarmışdı. 
    Müstəqillik əldə etdikdən sonra bu məsələ, yəni təhsildə gender bərabərliyi əsas prioritet məsələlərdən birinə çevrildi. Ümummilli liderimiz təhsilə üstün istiqamət verərək “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. 
    Ölkəmizdə təhsilin inkişafına göstərilən böyük diqqət artıq bəhrələrini verməkdədir. Qürur duyulasıdır ki, bu gün muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər bir nümunə gücündədir. 
    Qeyd olunmalıdır ki, təhsil sahəsində əldə olunan uğurlar təkcə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məhdudlaşmır. Təhsil islahatlarının həyata keçirilməsi istiqamətində atılan addımlar təhsillə bağlı dəyərlərin yeniləşdirilməsi, müasirləşdirilməsi və son nəticədə, cəmiyyətin yeni keyfiyyətə nail olması üçün təhsil faktorundan istifadə edilməsinə şərait yaradır. 
    Günümüzdə muxtar respublika əhalisinin 230 min nəfərdən, yəni yarıdan çoxu qadındır. Onların ictimai-siyasi fəaliyyəti ildən-ilə artmaqdadır. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, muxtar respublikada təhsil sahəsində işləyənlərin 9 min 987 nəfəri, yaxud 68 faizi qadındır. Təhsilin ilk pilləsi sayılan məktəbəqədər müəssisələrin, demək olar ki, hamısında qadınlar çalışır və rəhbər vəzifədə çalışanların da hamısı bu cinsin nümayəndələridir. Muxtar respublikada elmlər doktorlarının 3-nü, fəlsəfə doktorlarının isə 100-nü qadınlar təşkil edir. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci ilin statistik məlumatlarının təhlili göstərir ki, hazırda muxtar respublikanın rayonlarında təhsil sahəsində əmək müqaviləsi ilə işləyən qadınların sayı Şərur rayonunda 1395, Babək rayonunda 1051, Ordubad rayonunda 571, Culfa rayonunda 580, Kəngərli rayonunda 360, Şahbuz rayonunda 391, Sədərək rayonunda 100, Naxçıvan şəhərində 1380 nəfərdən ibarət olmaqla muxtar respublikanın rayonlarında əmək müqaviləsi ilə işləyən qadın müəllimlərin sayı təhsil üzrə 5828 nəfərdir.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas və peşə təhsilli müəssisələrində tədris üzrə çalışan qadınların sayı isə aşağıdakı kimidir:
    Naxçıvan Dövlət Texniki Kollecində cəmi 41 qadın (ştat üzrə 31; alitəhsilli 31; müqavilə əsasında cəmi 10; alitəhsilli 10) işləyir.
    Peşə təhsilli müəssisələri üzrə Naxçıvan Şəhər Peşə Liseyində 11 qadın ( ştat üzrə 8; alitəhsilli 7; orta ixtisas təhsilli 1; müqavilə əsasında 3; orta təhsilli 3), Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində 6 qadın (ştat üzrə 2; orta ixtisas təhsilli 2; müqavilə əsasında 4; alitəhsilli 3; orta ixtisas təhsilli 1), Şərur Texniki Peşə və Sürücülük Məktəbində 6 qadın ( ştat üzrə 5; alitəhsilli 1; orta ixtisas təhsilli 4; müqavilə əsasında 1; orta təhsilli 1), Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 6 qadın (ştat üzrə 5; alitəhsilli 3; orta ixtisas təhsilli 2; müqavilə əsasında 1; orta təhsilli 1), peşə məktəbləri üzrə cəmi 29 qadın (ştat üzrə 20; alitəhsilli 11; orta ixtisas təhsilli 9; müqavilə əsasında 9; alitəhsilli 3; orta ixtisas təhsilli 1; orta təhsilli 5) işləyir.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində işləyən qadın müəllimlər haqqında isə məlumat belədir: Nazirliyə birbaşa tabe olan müəssisələr üzrə cəmi 188 qadın (alitəhsilli 165; orta ixtisas təhsilli 15; orta təhsilli 8) işləyir.
    Naxçıvan Şəhər Təhsil Şöbəsi üzrə 8 qadın (alitəhsilli 5; orta ixtisas təhsilli 1; orta təhsilli 2), Şərur Rayon Təhsil Şöbəsi üzrə 57 qadın (alitəhsilli 55; orta təhsilli 2), Babək Rayon Təhsil Şöbəsi üzrə 58 qadın (alitəhsilli 55; orta ixtisas 3), Ordubad Rayon Təhsil Şöbəsi üzrə 32 qadın (alitəhsilli 17; orta ixtisas təhsilli 7; orta təhsilli 8), Culfa Rayon Təhsil Şöbəsi üzrə 37 qadın (alitəhsilli 32; orta ixtisaslı 2; orta təhsilli 3), Kəngərli Rayon Təhsil Şöbəsi üzrə 14 qadın (alitəhsilli 12; orta ixtisas təhsilli 1; orta təhsilli 1). Şahbuz Rayon Təhsil Şöbəsi üzrə 34 qadın (alitəhsilli 30; orta ixtisas təhsilli 3; orta təhsilli 1), Sədərək Rayon Təhsil Şöbəsi üzrə cəmi 4 qadın (alitəhsilli 3; orta təhsilli 1) işləyir. Ümumi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas və peşə təhsili müəssisələrində 432 qadın işləyir ki, bunun da 374-nü alitəhsilli, 32-ni orta ixtisas təhsilli, 26-nı orta təhsilli təşkil edir.
     2015-ci ildə muxtar respublikanın ali təhsil müəssisələrinə – Naxçıvan Dövlət Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna daxil olanların böyük hissəsini qız abituriyentlər təşkil edib. “Naxçıvan” Universitetində isə qız-oğlan nisbəti bir-birinə yaxın olub.
    2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 819 nəfərini qızlar təşkil edib. Həmçinin 500-700 intervalında bal toplayanların 172 nəfəri, yaxud 61,2 faizi qızlar olub. 2020-2021 tədris ilində isə 600-dən yüksək bal toplayan abituriyentlərin 11 nəfəri qız olub.
    Əldə olan statistik məlumatlara əsasən deyə bilərik ki, təkcə 2019-2020-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin əyani şöbəsində təhsil alan 4423 tələbənin 2159-nu qızlar təşkil edib. Həmin ildə universitetin 921 məzunundan 422-si qız olub. 2019-2020-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsində 912 nəfər oxuyub, bunlardan 323-ü zərif cinsin nümayəndəsi olub. Həmin tədris ilində 454 nəfər məzundan 143 nəfərini qadınlar təşkil edib. 
    Belə müqayisə göstərir ki, qadınlar ali təhsil müəssisəsində kişilərdən heç də geri qalmırlar. Bir məsələni də, xüsusilə qeyd etmək istərdim ki, universitetdə elə ixtisaslar vardır ki, bu ixtisaslarda vaxtilə qızların oxuması yaxşı qarşılanmırdı. 2019-2020-ci tədris ilində Fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq müəllimliyi ixtisasında 2, Bədən tərbiyəsi və idman ixtisasında isə 196 tələbədən 7-si qız olub.
    Ali təhsil ocaqlarında oxuyanların gender tərkibindən söz düşmüşkən belə bir məqama toxunmaq istərdik. Bu gün ödənişli təhsil almaqla bağlı valideynlər nədənsə oğlan uşaqlarının təhsilinə pul ayırmağa üstünlük verdiklərindən qızlar ikinci planda qalırdılar. Həm bu hal, həm də oğlan və qız abituryentlərin peşə seçimlərindəki fərqlər əmək bazarında mövcud olan gender seqreqasiyasını gücləndirirdi. Çox yaxşı haldır ki, artıq valideynlərin bu cür yanaşmaları aradan qalxıb.
    Muxtar respublikada 1992-ci ildə ancaq qızların oxuması üçün yaradılan lisey Azərbaycanda yeganə qızlar məktəbidir. Lisey nümunəvi təlim-tədris prosesi ilə seçilir. 2011-ci ildə 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin binası yenidən qurulub, tədris üçün müasir infrastrukturla zənginləşdirilib. Hazırda muxtar respublikanın 60 qabaqcıl müəllimi burada təhsil alan 380 qız şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Onlardan 4-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb, 1-i “Tərəqqi” medalı ilə təltif edilib, 2-si isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Son 5 il ərzində təhsil müəssisəsi məzunlarından 49 nəfəri 500-700 intervalında bal toplayıb. Lisey fəaliyyətə başlayandan bu tədris ilinədək məzunlardan 5-i “Qızıl”, 3-ü “Gümüş” medala, 16-sı isə Fərqlənmə attestatına layiq görülüb. 
    Dünya praktikası ilə əlaqədar ədəbiyyatlara nəzər saldıqda, qadınların rəhbərlik etdikləri məktəblərdə nəticələrin daha yüksək olduğunu görmək mümkündür. Azərbaycandakı statistik məlumatlara əsasən isə müəllimlərin əksəriyyətinin qadınlardan ibarət olmasına baxmayaraq, məktəb idarəetməsində kişilər üstünlük təşkil edirlər. Ancaq bir məsələni xüsusilə vurğulamaq istərdik ki, muxtar respublikanın təkcə Naxçıvan şəhərindəki məktəblərində vəzifə tutan direktorların çoxu zərif cinsin nümayəndəsidir. Dəqiq desək, 20 məktəbdən 17-nin direktoru qadındır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı mövqeyi dilimizə, Vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuşdur və gələcəkdə də olacaqdır”.

Sevinc ABBASOVA
tarix elmləri doktoru

Nəşr edilib : 04.07.2022 20:21