AZ EN RU

Naxçıvanda təhsil müəssisələrinin binaları daxilində yerləşdirilən istilik sistemlərinin yerləri dəyişdiriləcək

Təhsil müəssisələrinin binaları daxilində yerləşdirilən istilik sistemlərinin yerləri dəyişdiriləcək. Potensial təhlükə mənbəyi olan qazanxanalar artıq binaların çölündə  yerləşdiriləcək. Sevindirici haldır ki, ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bu amil nəzərə alınıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elnur Qasımov qəzetimizə verdiyi müsahibəsində bildirib ki, ilkin olaraq 2024-2025-ci tədris illərində həmin təhsil müəssisələrinin təqribən 13-də istilik sistemlərinin çölə çıxarılması nəzərdə tutulub. Bunun üçün texniki və layihə tələbləri, əsas şərtlər toplusu hazırlanır və yaxın günlərdə istilik sistemlərinin çölə çıxarılması ilə bağlı Dövlət Satınalmalarının vahid internet portalında tender elan olunacaq.

Nazirlik əməkdaşı vurğulayıb ki, əvvəlki dövrlərdə təhsil müəssisələrinin tikintisini sifarişçi qismində Təhsil Nazirliyi yox, başqa təşkilatlar həyata keçirirdi: “Tikinti normalarına zidd olaraq təhsil müəssisələrinin bəzilərində istilik sistemləri məktəb binalarının daxilində yerləşdirilib. Bəzi hallarda istilik sistemləri sinif otaqlarının üzərində, bəzi hallarda isə pilləkan boşluqlarında yerləşdirilib. Mütəxəssislərin də rəyinə əsasən bu təhlükə mənbəyidir. Nəzərə alsaq ki, təhsil müəssisələrinin içərisində məktəbəqədər təhsil müəssisələri, yataqxanası olan məktəblər var, baş verə biləcək hər hansı fövqəladə hal zamanı onların məktəbdən təxliyyəsi böyük çətinlik yaradar. Təhsil Nazirliyi tərəfindən bununla bağlı araşdırma aparılıb. Müəyyən olunub ki, 130-a qədər təhsil müəssisələrində istilik sistemi məktəblərin binası daxilində yerləşdirilib və bu barədə aidiyyəti orqanlara müraciət olunub”.

Elnur Qasımov qeyd edib ki, bundan sonra Təhsil Nazirliyinin özünün sifarişi ilə həyata keçiriləcək təhsil müəssisələrinin tikintisində istilik sistemlərinin layihələndirilməsi binadan çöldə nəzərdə tutulur: “Buna misal olaraq Hacıvar kənd tam orta məktəbinin, 1000 şagird yerlik Naxçıvan şəhərindəki yeni təhsil müəssisəsinin, Naxçıvan şəhərində müasirtipli məktəb və bağça kompleksinin, Nehrəm qəsəbəsində uşaq bağçası və Qıvraq qəsəbəsində 500 yerlik təhsil müəssisəsinin tikintisi nəzərdə tutulur ki, layihəyə əsasən həmin təhsil müəssisələrinin hər birində istilik sistemləri binadan çöldə yerləşdiriləcək”.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdənkənar və 4 peşə məktəbi olmaqla, ümumilikdə, 270 təhsil müəssisəsi var.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.02.2024 10:31