AZ EN RU

Naxçıvanda taxıl istehsalının inkişafı ilə bağlı müşavirə keçirilib

Avqustun 23-də Kəngərli rayonunda “Taxıl istehsalının inkişafı ilə bağlı 2023-cü ilin yekunları və cari ildə payızlıq taxıl əkinləri üçün qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova əvvəlcə Kəngərli rayon mərkəzində ümummilli liderimiz Heydər Əliyevin əzəmətlə ucalan abidəsi önünə tər güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Sonra muxtar respublikada taxılçılıqda istifadə olunan toxum sortları barədə məlumat verilib. Qeyd edilib ki, “Fatimə”, “Qobustan” kimi yerli toxum sortları ilə yanaşı, son illər Türkiyədən və digər xarici ölkələrdən gətirilən “Konya – 2002”, “Bayraqdar”, “Əhmədağa”, “Alekseyeviç” kimi muxtar respublikanın torpaq və iqlim şəraitinə uyğun buğda və arpa sortları da sınaqdan keçirilir, məhsuldarlığı yüksək olan toxumlar çoxaldılaraq taxıl istehsalçılarına təqdim olunur. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qlobal istiləşmə və su çatışmazlıqları fonunda Naxçıvanda taxıl biçini mövsümünün mütəşəkkil başa vurulduğunu diqqətə çatdırıb. Taxılçılığın inkişafını ləngidən mövcud problemlərdən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, dünyada baş verən qlobal istiləşmə Naxçıvana da təsirsiz ötüşməyib. Muxtar respublikanın su mənbələrinin su ehtiyatı dəfələrlə azalıb. Son bir neçə ildir əsas su hövzələrindən olan Arpaçay yay aylarında, demək olar ki, quruyur. Bütün bunlar əkinçiləri ciddi su problemi ilə üz-üzə qoyur. Mövcud vəziyyət yeni mübarizə metodlarının, innovativ üsulların tətbiqini şərtləndirir.  

Qeyd edilib ki, ötən dövrdə səlahiyyətli nümayəndəliyin nəzarəti altında müvafiq komissiyalar tərəfindən monitorinqlər aparılıb, qeydə alınan problemlər təhlil edilərək kateqoriyalaşdırılıb və bunun da əsasında görüləcək tədbirlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da kənd təsərrüfatının inkişafı ən əhəmiyyətli hədəflərdən biri kimi müəyyənləşdirilib. 11 prioritet istiqamətə əsaslanan proqramda aqrar sahəyə aid 270-dən çox alt layihə müəyyənləşdirilib. İlkin olaraq Babək rayonu ərazisində layihələndirmə işlərinə başlanılıb. Heydər Əliyev və Araz su anbarlarından yeni su xətləri çəkiləcək, “Araz-1” və “Araz-2” nasos stansiyalarının fəaliyyəti yenidən bərpa olunacaq.  

Bildirilib ki, bir çox yerlərdə suvarma şəbəkələrinin istismar müddətini başa vurması suvarma suyunun verilməsi zamanı 40-50 faiz həcmində itkilərə səbəb olur. Bu itkilərin aradan qaldırılması məqsədilə  suvarma şəbəkələri mərhələli şəkildə yenidən qurulacaq. Həmçinin su resurslarından səmərəli istifadə üçün növbəti əkin mövsümündən etibarən damcılı suvarma üsulunun tətbiqi üzrə pilot layihələrin tətbiqinə başlanılacaq. 

Fuad Nəcəfli muxtar respublikada yaradılan şəffaf mühitin muxtar respublikanın mərkəzi büdcəsinin gəlirlərinin artmasına və xərclərinin azalmasına səbəb olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, xüsusi iqtisadi rejimə keçid növbəti ildən gəlirləri daha da artıracaq. Bu müsbət tendensiya digər məsələlərlə yanaşı, dövlət proqramında nəzərdə tutulmuş aqrar layihələrin icrasına da daha geniş imkanlar yaradacaq. 

Qeyd edilib ki, dövlətimiz kənd təsərrüfatının, o cümlədən də strateji sahə olan taxılçılığın inkişafı məqsədilə mühüm islahatlar keçirir. Əkinçilər subsidiyalar, texnika və gübrələrlə təmin olunur. Bununla belə təsərrüfat sahibləri də bu layihələrdən səmərəli yararlanmalı, innovativ yeniliklərə maraq göstərməlidirlər.  

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova muxtar respublikada taxıl istehsalının mövcud vəziyyəti barədə məlumat verərək bildirib ki, 2022-ci ilin payızında 20 min 762, cari ilin yazında isə 405,7 hektar olmaqla, 21 min 247 hektar sahədə taxıl əkini həyata keçirilib. Ümumilikdə, 19 min 797 hektara yaxın əkin sahəsində taxıl biçini həyata keçirilib, 49 min 267 tondan artıq məhsul toplanıb. Toplanan məhsulun 12 min 233 hektarını buğda, 9014 hektarını arpa təşkil edib. Orta məhsuldarlıq hər hektarda 24,9 sentner olub.  

Qeyd edilib ki, suvarma suyunun çatışmazlığı səbəbindən əkin sahələrinə su verilməsi tam təmin olunmayıb. Nəticədə 1450 hektar sahə tamamilə quruyub. Quruyan sahələrin əksəriyyəti kənd təsərrüfatı təyinatı olmayan torpaqlardır. 2022-ci ilin dekabr ayında 5 istehsalçıya 91 hektar sahə üçün, ümumilikdə, 13 min 377 manat dəyərində 8918 kiloqram gübrə verilib. Cari ildə payızlıq taxıl əkinlərə görə isə 6800 istehsalçı 3 milyon 408 min 682 manat dəyərində 6197,6 ton gübrə ilə təmin edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən payızlıq əkinlər üzrə nəzərdə tutulan subsidiya məbləğinin 25 faizi fermer kartlarına köçürülüb, yazlıq əkinlər üzrə isə bu proses davam etdirilir. 

Taxıl istehsalında məhsuldarlığa görə muxtar respublikanın rayonlarının göstəricilərini diqqətə çatdıran Xəyalə Dadaşova bildirib ki, Şərur və Sədərək rayonları ən yüksək, Ordubad, Culfa və Şahbuz rayonları isə aşağı nəticə əldə ediblər. Taxıl istehsalçıları sırasında ən yüksək göstərici Şərur rayonunun Çomaxtur kəndindən olan Tağı Məmmədova məxsusdur. O, 0,47 hektar ərazidən 5 ton məhsul əldə edib. Məhsuldarlıq 106,4 sentner olub.  

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Şıxəliyev çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası üzrə ümumi tutumu 303,450 milyon kubmetr olan 32 ədəd müxtəlif tutumlu sututarları vardır. Su anbarlarına 153 milyon 810 min kubmetr su ehtiyatı yığılıb. Bunun müqabilində ilin əvvəlindən su istifadəçilərinə 135 milyon 376 min kubmetr su verilib. Hazırda su anbarlarında 81 milyon 390 min kubmetr su ehtiyatı var.  

Müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və “Gəmiqaya Taxıl Məhsulları” MMC-nin direktoru Şakir Tarverdiyev çıxış edib, taxıl istehsalı, tədarükü və satışı üzrə müvafiq məlumatlar veriblər. 

Nümunəvi taxıl istehsalçılarından Tağı Məmmədov və Əvəz İsmayılov təcrübələrini paylaşıblar. 

Müşavirədə iştirak edən təsərrüfat sahiblərinin və bələdiyyə üzvlərinin təklif və problemləri dinlənilib.  

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirəyə yekun vuraraq növbəli əkin sisteminə tam əməl edilməsi, aqrotexniki tədbirlərin vaxtında və tam yerinə yetirilməsi, suvarma suyundan səmərəli istifadə olunması və suvarmada mütərəqqi üsulların tətbiqi, toxum seçiminin düzgün aparılması, taxıl əkini üçün torpaq sahələrinin düzgün seçilməsi, subsidiyadan yararlanmaq üçün plansız və yararsız əkinlərin aparılmaması ilə bağlı tapşırıq və tövsiyələrini verib.  

Sonda yüksək məhsuldarlıq əldə edən taxıl istehsalçılarına fəxri fərmanlar təqdim olunub. 

Nəşr edilib : 23.08.2023 17:13