AZ EN RU

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

    Prezident cənab İlham Əliyevin diqqət və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir. 
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirdi ki, Konfederasiya 2020-ci ildən etibarən hər il bütün bayramlarda, Azərbaycanın bütün guşələrinə, o cümlədən Bakı şəhərində 76 şəhər və rayona ərzaq yardımları göstərir. Və bu günə qədər Bakıda ailələrə 140 min ədəd ərzaq yardım paylanıb. O cümlədən bu istiqamətdə atılan addımlarda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da diqqətdə saxlanılır. 2020-ci ildən bu günə qədər 6 mindən çox adama ərzaq yardımları göstərilib. Bakıda hansı əlamətdar tədbir keçirilirsə və hansı humanitar yardım göstərilirsə, Naxçıvanda da bu istiqamətdə addımların atılması artıq günümüzün reallığına çevrilib. 
    Sədr vurğuladı ki, Naxçıvanda şəhid övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayəyə götürülür və yetkinlik yaşına çatana qədər onlara maddi yardım edilir. Həmin uşaqlar gələcəkdə universitetdə təhsil alacaqları müddətdə də bu maddi yardımlar davam edəcək. Naxçıvanda hazırda 14 şəhidin 30 övladı himayəyə götürülüb. Onların ailələrinə də mütəmadi olaraq maddi yardım göstərilir.
    Diqqətə çatdırılıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “YAŞAT” Fonduna milyonlarla vəsait köçürüb və qazilərimizin müalicəsi istiqamətində memorandum imzalanıb. Həmin sənədlərə əsasən “YAŞAT” Fonduna müraciət edən şəhid ailələrinə, qazilərə maddi yardım göstərilir. 
    Səttar Mehbalıyev onu da qeyd etdi ki, Naxçıvanda şəhid və qazi ailələrinin özünüməşğulluğunun təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 150 min manat vəsait köçürülüb. Həmin vəsait buradakı  insanlara paylanılır. Nazirliyə növbəti belə vəsait ödənilib ki, bu vəsait şəhid ailələrinin özünüməşğulluğunun təmin edilməsinə xərclənib. Həmçinin Sahibkarlığın İnkişafı Fonduna da 150 min manat vəsait ayrılıb ki, bu istiqamətdə imzalanan memorandumlara əsasən əldə olunan vəsait şəhid və qazi ailələrinə sərf edilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlar Şurası da imkan daxilində müraciət edən insanlara bu və ya digər yollarla yardım edir. Naxçıvan blokada şəraitində olduğu üçün dəfələrlə vurğulandığı kimi ölkə başçımızın qətiyyətli siyasəti ilə dövlətimiz daim bu diyara kömək göstərir. 

“Şərq qapısı”

Nəşr edilib : 14.03.2023 12:37