AZ EN RU

Naxçıvanda son iki ayda elektronlaşma sahəsində görülən işlər davam etdirilir

Muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikada “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə işlər həyata keçirilməkdədir.

2023-cü ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasındakı bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib.

Nazirliyin mühəndis-proqramçıları tərəfindən muxtar respublikada rayon (şəhər) icra hakimiyyətlərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin, Statistika Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası İdarəsinin, Turizm Departamentinin, “Naxçıvan Beynəlxalq Hava Limanı” Qapalı Səhmdar Cəmiyyətinin internet səhifələri yenilənməkdədir. Adıçəkilən qurumların audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi həyata keçiriləcəkdir. İnternet saytlarının hazırlanması ilə yanaşı, həmçinin bir sıra qurumlar “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə də təmin olunublar.

Nazirlik tərəfindən muxtar respublikada 2022-ci il ərzində 12-si vətəndaş, 54-ü sahibkar, 64-ü hüquqi şəxs və 262-si dövlət qurumu olmaqla, ümumilikdə  392, cari ilin yanvar-fevral aylarında isə 3-ü sahibkar, 10-u hüquqi şəxs və 48-i dövlət qurumu olmaqla, cəmi 61 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.

Nəşr edilib : 06.03.2023 17:14