AZ EN RU

Naxçıvanda “Snowfest – qış festivalı”na hazırlıq başa çatıb

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri Naxçıvan şəhərinin Heydər Əliyev prospektinə gəlib, burada təşkil olunacaq “Snowfest – Qış festivalı”na hazırlığın vəziyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, bu gündən start götürəcək festival 2024-cü il yanvarın 7-dək davam edəcək. Yeni il şəhərciyi ötən illərdən fərqli olaraq yeni dizaynda və rəngarəng dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb. Bu gün ərazidə quraşdırılan böyük pavilyonda ölkənin əsas ulduzunun, növbəti günlərdə isə digər ifaçıların təqdimatında maraqlı konsert proqramı təqdim olunacaq.

Prospektin ümumi ab-havasına uyğun quraşdırılan 30-a yaxın köşkdə muxtar respublika sakinlərinə və qonaqlara müxtəlif iaşə xidmətləri göstəriləcək.

Səlahiyyətli nümayəndə təqdim olunan məhsullarla tanış olub. Məlumat verilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif mətbəx nümunələri, şirniyyat və qənnadı məmulatları, fast-fudlar, meyvə şirələri, dəniz məhsuları, çərəzlər, eləcə də müxtəlif əl işləri festival boyunca təqdim olunacaq.

“Heydər Əliyev – 100”, “Naxçıvan Muxtar Respublikası – 100” və Zəfər tariximizi əks etdirən foto və nəşrlərdən ibarət stendlər Naxçıvan Dövlət Universitetinin kollektivi və Gənclər Fondunun könüllüləri tərəfindən bütün festival boyu nümayiş etdiriləcək.

Ali təhsil ocağının memarlıq fakültəsi tələbələrinin təqdim etdiyi layihələrə də baxış olub. Sonra 850 universitet tələbəsinin iştirakı ilə 625 mozaika fotodan ibarət Ulu Öndərin portretini canlandıran flaşmob təqdim edilib.

Tədbirdə iştirak edən gənclər dilək yolkasını səlahiyyətli nümayəndəyə və qonaqlara təqdim ediblər. Yolkanın üzərində Ordubad şəhər internat tam orta məktəbində təhsil alan şagirdlərin yeni il arzuları əks olunub. Qeyd edək ki, şagirdlər tərəfindən ünvanlanan istəklərin hər biri qarşılanacaq.

Fuad Nəcəfli gənclərlə xatirə fotoları çəkdirib, jurnalistlərin suallarını cavablandırıb.

"Şərq qapısı"

Nəşr edilib : 25.12.2023 15:57