AZ EN RU

Naxçıvanda səhiyyə sisteminə xarici investorların cəlbinə nail olunub

Naxçıvanda səhiyyə sistemində aparılan islahatlar bəhrəsini verir,  yaradılmış sərait xarici investorları Naxçıvan səhiyyəsinə investisiya qoymağa təşqiv edir. İlk addımda xarici investorun səhiyyəyə 5 milyon manat kapital qoyuluşuna nail olunub. “Dövlət-özəl tərəfdaşlığı haqqında” 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi və  EXON Biomedikal Sağlıq  Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında bağlanan müqaviləyə əsasən şirkət  tərəfindən tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək beynəlxalq akkreditasiyalı laboratoriya qurulur. Laboratoriyada klinik laborator diaqnostikasının bütün sahələri üzrə  keyfiyyətli və dəqiq xidmət göstəriləcək. Laborarotiyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir. Bununla da muxtar respublika sakinləri doğma diyarlarından kənara çıxmadan beynəlxalq akkreditasiyaya sahib yüksək səviyyəli laborator xidmətlərlə təmin olunacaqlar. Laboratoriyada mütəxəssis həkimlər xidmət göstərəcək. Müqaviləyə əsasən, burada 20-yə yaxın yeni iş yeri açılacaq, həmçinin laboratoriyanın mütəxəssis həkimləri Naxçıvanda təcrübəli laborantların yetişdirilməsi üçün könüllü təlimlər keçəcəklər.

Naxçıvanda laboratoriya xidmətinə qoyulan bu investisiya muxtar respublikada keyfiyyətli tibbi xidməti təmin etməklə bərabər, regionda səhiyyənin inkişafı naminə ümumi maraqların təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

Nəşr edilib : 07.12.2023 17:47